Mətanət Qurbanova: “Gender bərabərliyi dedikdə qadının qadın, kişinin kişi kimi cəmiyyətdə öz yerini tapması nəzərdə tutulur”
"Gender hərəkatına qoşulma ehtiyacı cəmiyyətdə sosial ədalətin dərinləşməsi və təmin edilməsi zərurətindən yaranıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək məqsədilə təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması” layihəsinin nəticələrinin təqdimatı zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil İnstitutunun nümayəndəsi Mətanət Qurbanova deyib: “Azərbaycan Respublikasında gender bərabərliyinin təşviqi ilə əlaqədar olaraq ölkəmiz bütün beynəlxalq konvensiyalara, protokollara qoşulub. Biz bu sahəyə dövlət səviyyəsində maraqlıyıq. Ölkəmizdə çox ciddi disbalans var”.
“2013-cü ildən etibarən təhsilin idarə olunması sahəsində də ciddi islahatlar həyata keçirilməyə başlandı. Gender bərabərliyi dedikdə mühafizəkar kişilər elə başa düşür ki, qadınlar onları geridə qoyacaq. Əslində gender bərabərliyi dedikdə qadının qadın, kişinin kişi kimi cəmiyyətdə öz yerini tapması nəzərdə tutulur. Paytaxt məktəblərinin 50 faizindən çoxunun idarə etməsində qadınlar təmsil olunur. Ancaq regionlarda vəziyyət acınacaqlıdır” – deyə o bildirib.