BAKI, 18 iyul — Sputnik. Yay mövsümündə uşaqlar arasında mədə-bağırsaq pozğunluqları, ishal və qusma eyni zamanda günvurma kimi hallara rast gəlmək olar. İlan sancması, ağcaqanad və həşəratların dişləməsinə də bu fəsildə çox rast gəlinə bilər. Yay mövsümü allergik xəstəliklərin də kifayət qədər proqressivləşə biləcəyi bir dövrdür.
Respublikanın baş pediatrı Nəsib Quliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada sadalanan halların qarşısını almaq üçün görülməli olan tədbirlərdən danışıb.
O deyib ki, yay mövsümündə uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərin üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su içməsinə diqqət yetirməkdir.
"Dünyada aparılan çoxsaylı araşdırmalar göstərib ki, xəstəliklərin qarşısını almaq üçün ən təsirli tədbir təmiz sudan istifadədir. Hətta tədqiqatlar sübut edib ki, yer üzündə hamının təmiz su qəbul etməsi mümkün olsaydı, onun səmərəsi peyvənddən daha üstün olardı. Bununla yanaşı, qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər" — deyə baş pediatr bildirib.
Yay fəslində qidaların çeşidinin çoxaldığını vurğulayan Quliyev, bunun mənfi cəhətini də qeyd edib: "Havalar isti olduğuna görə, qidaların saxlanmasına diqqət yetirilməlidir. Soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır".
Pediatrın sözlərinə görə, mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal həkimə müraciət etmək zəruridir. Özbaşına, el arasında qəbul edilmiş primitiv üsullarla onların müalicəsini aparmaq olmaz, çünki əksər hallarda həmin üsullar xeyir əvəzinə zərər gətirir.
İsti və günəşli havalarda uşaqların qorunması məsələsinə toxunan professor günəşin, havanın, qum və su vannalarının uşaqların orqanizminin möhkəmləndirilməsində çox böyük rolu olduğunu diqqətə çatdırıb. Lakin müəyyən rejim və qaydalara əməl olunmadıqda, istivurma və günvurma kimi ağır hallarla üzləşilir. Ona görə də çimərliyə günün infraqırmızı şüalarının çox olduğu vaxtlarda yox, nisbətən sərin vaxtlarda üz tutmaq məsləhətdir. Əks halda dəri və baş beyin problemləri yarana bilər.
Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib. O, özünü ilk növbədə dəri səthində büruzə verən və qırtlağın ödeminə, boğulmayadək ağır hallara səbəb olan allergik xəstəliklər zamanı da vaxtında həkimə müraciət etməyi məsləhət görüb.