BAKI, 18 iyul — Sputnik. Bu ilin ilk 6 ayında Bakı şəhər prokurorluğu orqanlarında vətəndaşların 8066 müraciətinə baxılıb, həmin müraciətlərdən 2144-nə baxılaraq həll edilib, o cümlədən 828 müraciət təmin edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı şəhər prokurorluğunda keçirilmiş geniş əməliyyat müşavirəsində bildirilib.
Həmin dövr ərzində 3868 vətəndaş qəbul edilib, rayon prokurorları tərəfindən 1328 nəfər, Bakı şəhər prokurorluğunda 1286 nəfər, onlardan da 225-i şəhər prokuroru tərəfindən qəbul olunub.
Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
2017-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub.
Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə Bakı şəhərində ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.