BAKI, 17 iyul — Sputnik. Azərbaycanın qızıl ehtiyatları bu ilin iyun ayında 2 ton, yaxud 10% azalaraq 18 tona düşüb. Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.
Şuranın məlumatına görə, Azərbaycan qızıl ehtiyatlarına görə qlobal reytinqdə bir pillə geriləyərək, 62-ci yerdən 63-cü yerə düşüb. Qızıl ehtiyatının ümumi ehtiyatlarda olan payı isə 2,7 faiz bəndi azalıb və 9,4%-ə enib. Ötən aylarda olduğu kimi, siyahıya ABŞ, Almaniya və Beynəlxalq Valyuta Fondu (IMF) liderlik edir.
Qeyd edək ki, bu göstərici ötən ilin sentyabrından bəri Azərbaycanın qızıl ehtiyatlarının 40,4% azaldığını göstərir. Xatırladaq ki, Dövlət Neft Fondu (ARDNF) martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan, ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib.
"Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda (AMB) yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur" — Fonddan bildirilib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qızıl ehtiyatlarında azalmalar varsa, bu, birbaşa həmin ehtiyatların satışı ilə bağlıdır: "Çünki qızıl ehtiyatlarının azalması onun satışa çıxarılması anlamına gəlir. Azərbaycanın malik olduğu qızıl ehtiyatlarının bir hissəsini satması gözlənilən idi. Dünya bazarında qızılın qiymətində praktik olaraq son dövrlərdə stabillik müşahidə edilir və kəskin artımlar yoxdur. Müəyyən dövrlərdə azalmalar olsa da, amma bu, özünü artımlarda müşahidə etmir".
"Dövlət Neft Fondu tərəfindən də alınan qızılın qiyməti kifayət qədər yüksəkdir. Neft Fondu qızılı qiyməti yüksək olduğu dövrdə alıb və bu baxımdan güman olunur ki, Fond qızılın qiymətinin artacağına ümid edirdi, gözləyirdi. Amma qızılın qiymətində artımlar baş vermədi. Hətta, alınmış səviyyəyə qədər qızılın qiymətinin artması müşahidə olunmadı" — mütəxəssis bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan həmin qızıl ehtiyatlarının bir hissəsini valyutaya çevirməyə çalışır: "Bu, həm də onunla bağlı idi ki, ölkənin valyuta ehtiyacı var və ona görə qızıl ehtiyatlarının bir hissəsinin valyutaya çevrilməsi prosesi gözlənilən idi. Əvvəlki dövrlərdə valyutaya ehtiyac yox idi və qızıl ehtiyatlarının uzun müddətli dövr üçün saxlanması məqbul hesab edilirdi. Amma artıq valyutaya ehtiyac var, neftin dünya bazar qiyməti aşağıdır və Azərbaycanın neftdən əldə etdiyi gəlir azalır. Bu kontekstə qızılı valyutaya çevirmək daha asandır. Qızıl ehtiyatlarının azalması da satılması ilə bağlıdır".
Bayramovun fikrincə, gələcəkdə hansı həcmdə qızılın satılması valyutaya olan ehtiyacdan asılı olacaq: "Valyutaya olan ehtiyaca uyğun olaraq qızılın satışı həyata keçirilə bilər. Amma daha məqsədəuyğundur ki, əgər gələcəkdə qızıl ehtiyatları satılarsa, bu, mərhələli şəkildə və ehtiyatların kəskin azalmasına getməmək şərtilə həyata keçirilsin".
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Ümumdünya Qızıl Şurası beynəlxalq invoyslara əsaslanır: "Beynəlxalq qızıl bazarında rəsmi bağlanmış müqavilələri qeydiyyatdan keçirdir. Ona görə də şuranın səhv etməsi mümkün deyil. Qlobal bazarda hər hansı əməliyyatlar mütləq rəsmi qaydada müqavilələrə əsaslanır və rəsmi qaydada həyata keçirilir. Ona görə də beynəlxalq qurumun verdiyi məlumat daha doğrudur".
"Azərbaycanın müxtəlif layihələrlə bağlı öhdəlikləri artdıqca əlavə valyuta ehtiyacı yaranır. Əlavə valyuta ehtiyacının ödənilməsinin yollarından biri kimi, ola bilər ehtiyatda olan qızılın müəyyən hissəsini satışa çıxarıblar. Yəni, bu yolla əlavə valyuta əldə edib müxtəlif layihələrə xərcləyə bilərdilər. Çox güman ki, belə də olub. Çünki Azərbaycan bir neçə iri layihənin əsas donorlarından biridir və hazırda bu layihələr xərcləmələr ilə bağlı pik həddə çatıb" — Cəfərli vurğulayıb.
O, əlavə edib ki, bu layihələrdə Azərbaycan payının maliyyələşdirilməsi əlavə valyuta ehtiyacları tələb edir: "Müəyyən bir hissəsi kreditlər vasitəsilə ödənilir. Azərbaycan hökuməti son vaxtlar sürətlə borclanır və kreditlər götürməyə başlayıb. Yəqin ki, bir hissəsi də daxili ehtiyatlar hesabına həyata keçirilir. Bunlardan biri də əldə olunan qızıl ehtiyatlarının bir hissəsini satmaq yolu ilə həyata keçirilə bilər".
Ekspertin fikrincə, böyük ehtimalla, həmin satılan qızıl ehtiyatlarından əldə edilən gəlir, yəni, əldə edilən valyuta müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldilib və sərf edilib: "Azərbaycan qızıl alarkən çox baha almışdı. Azərbaycan qızıl ehtiyatlarını artırmağa başlayanda qızılın bir unsiyası ortalama 1400 dollara yaxın idi. Son 2 ayda qızılın bir unsiyasının maksimal hədləri 1280-1290 dollar civarında olub. Hətta, qızılı son zamanların pik qiymət dövründə satsa belə, alış qiymətindən daha aşağı qiymətə satıb. Bu da müəyyən ziyanın olduğunu indidən söyləməyə əsas verir".