BAKI, 15 iyul — Sputnik. Əfqanıstanda hava hücumları nəticəsində bir məktəb binası bombalanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Əfqanıstanın Qunduz şəhərində məktəb hava hücumlarına məruz qalıb. Hava hücumları zamanı 3 məktəbli yaralanıb və məktəb ətrafında evlər zədələnib.
Vilayət Təhsil Departamentinin direktoru Canat Gül Nəsirinin verdiyi məlumata görə, yaralanan uşaqlar yaxınlıqda olan evlərdə yaşayan uşaqlar olub. Nasiri bildirib ki, bombalanma zamanı məktəbdə heç kim olmayıb.
"Çünki hava hücumları səhər saat 04.00-da baş verib. Məktəbin yaxınlığında olan 10–dan çox mağaza da hava zərbələrinə məruz qalıb" — Nəsiri bildirib.
Hava zərbələrinin kim tərəfindən həyata keçirilməsi məlum olmasa da, yerli hakimiyyət ABŞ tərəfini günahlandırır. Çünki ABŞ əvvəllər də terrorçuların ərazidə olan sığınacaqlarını bombalayıb.
Məsələ ilə bağlı Pentaqondan da açıqlama gəlib. Bildirilib ki, hava hücumları zamanı İŞİD-in Əfqanıstan qanadının rəhbəri məhv edilib. Ancaq Əfqanıstan təhlükəsizlik qüvvələri bu barədə şərh verməyib.
Qeyd edək ki, hazırda Əfqanıstanda 8,5 min nəfər Amerika əsgəri və 4,5 min nəfər digər NATO ölkələrinin əsgəri xidmət edir.