Tofiq Abbasov: “Münasibətlərin inkişafının dünya birliyinə xeyiri çox olacaq”
“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da gözəl anlayırlar ki, Azərbaycanın siyasi elitasının həyata keçirdiyi kurs dünya nizamının formalaşmasına və praqmatik mahiyyət daşımasına hesablanıb: “Onlar anlayır ki, Azərbaycanla münasibətləri genişləndirmək lazımdır. Münasibətlər genişlənirsə, inkişaf edirsə, bu başqa dövlətlərin zərərinə deyil”.
“Bəzi ölkələr belə qəbul edir ki, Azərbaycan ABŞ-ın diktə etdiyi üslubla oynamağa başlayır. Bu belə deyil. Azərbaycan və ABŞ arasında gərgin məqamlar kifayət qədər çox olub. Münasibətlərin yeni mərhələyə qədəm qoyması o deməkdir ki, artıq ortaq planlar da var. Bu münasibətlərin inkişafının dünya birliyinə xeyiri çox olacaq” – deyə o bildirib.