İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 iyul — Sputnik. Uzun illərdir ki, Abşeron rayonunun Məhəmmədi və Sabunçu rayonunun Zabrat qəsəbələrinin arasında olan Zabrat-Məhəmmədi gölü sakinlərin böyük probleminə çevrilmişdi. Qışda yağış yağan kimi dolub ətrafı basan göl, yay aylarında milçək, ağcaqanad və xəstəlik mənbəyinə çevrilmişdi.
Sputnik Azərbaycan-ın əməkdaşı da dəfələrlə ərazidə olmuş, sakinlərin problemlərini dinləmişdi. Ötən gün redaksiyamıza Məhəmmədi sakini Əhliman Əliyev zəng edərək təşəkkürünü bildirdi: "Siz gəlib bizim vəziyyətimizlə maraqlandıqdan sonra problemimiz həllini tapmağa başladı, artıq Zabrat gölü qurudulur. Canımız üfunətdən, sudan palçıqdan qurtarır".
Sakin bildirdi ki, hər il qış aylarında gölün səviyyəsi həddən artıq yüksəlir və su evlərinə dolurmuş. Sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, dərdlərinə əlac edən olmayıb. İndi isə sakinlərin başının bəlasına çevrilən göl qurudulur.
Sputnik Azərbaycan-ın əməkdaşı yenidən ərazidə olub və sakinləri dinləyib. Sakin Tofiq Əhmədovun sözlərinə görə, Zabrat gölü illərin problem olub və heç kim bu problemin həlli üçün bir addım da atmayıb. İndi isə göl qurudulur.
"Artıq suyun səviyyəsi də azalıb. Ümid edirəm ki, artıq qışda gölün səviyyəsi evlərimizə dolacaq şəkildə artmaz. Bezmişdik vedrə-vedrə su atmaqdan, bəzi qonşular gölə çox yaxın olduqları üçün həyətlərdə su çəkən mühərriklərdən istifadə edirdi. Sağ olun, səsimizi lazımi yerlərə çatdırdınız" — Əhmədov deyib.
Digər sakin Məsumə Əliyeva da gölün qurudulmasında əziyyəti olanlara təşəkkürünü bildirdi: "Qızım, 6-7 ildir ki, bu ərazidə yaşayıram. Əvvəl belə deyildi, sonralar göl yavaş-yavaş böyüməyə başladı. 2-3 il olar ki, hər qış evimizdə göl olur. Su çirkli su olduğu üçün xəstəlik mənbəyidir. Biz heç, uşaqlarımız, nəvələrimiz üçün qorxurduq. Məncə, daha canımız qurtardı".
Xatırladaq ki, ərazidə görülən işlər "Azərsu" ASC tərəfindən həyata keçirilir. "Azərsu" ASC –nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Prezidentin sərəncamına əsasən, Bakı şəhərində yağış-kanalizasiya suları infrastrukturu qurulması məqsədilə vəsait ayrılıb.
"Bu çərçivədə 13 layihə həyata keçiriləcək. Bu layihələrdən biri də Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi ilə bağlıdır. İlkin olaraq ərazidə Zabrat gölündən Kürdəxanı gölünə 1 kilometrə yaxın daşıyıcı magistral kəmər çəkdik və Zabrat-Məhəmmədi gölündən suyu Kürdəxanı gölünə yönəltdik" — Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, hazırda göldə suyun səviyyəsi xeyli aşağı düşüb: "Ərazidə yaşayan sakinlərin həyətlərindən su çəkilib. Su bir qədər də aşağı enəndən sonra biz gölün daxilinə 200 metr xətt çəkərək, suqəbuledici kamera quraşdıracağıq. Bu kamera bizə gölün suyunun tənzimlənməsi üçün imkanlar yaradacaq. Su artdıqca, biz suyu oradan kənarlaşdıra biləcəyik. Daha ictimai –iaşə obyektləri, kommersiya obyektlərini, evləri və sənaye müəssisələrini su basmayacaq".
A.Cəbrayıllı bildirdi ki, gölün suyu Kürdəxanı gölünə, oradan isə Xəzər dənizinə yönləndiriləcək.
Qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn vəzifələrin icrasına başlayıb. Sərəncama əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.
Bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. İntensiv yağıntılar zamanı suyun səviyyəsi artaraq subasma halları baş verən göllərdən biri də Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən eyniadlı göldür. Səhmdar cəmiyyətinin sifarişi əsasında göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla ümumi uzunluğu 4,7 kilometr olan kollektorun tikintisinə başlanıb. Kollektorun göldən açıq kanala qədər olan hissəsi qısa müddətdə tikilərək istismara verilib. Göldə suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr məsafədə uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Ekoloq Vaqif Əliyevin sözlərinə görə, Bakı şəhərinin bəzi ərazilərində yağış və kanalizasiya infrastrukturunun olmaması intensiv yağıntılar zamanı problemlər yaradır: "Zabrat-Məhəmmədi gölü isə həqiqətən acınacaqlı vəziyyətdə idi. Gölün qış aylarında daşıb evlərə dolması sakinlərin haqlı narahatlığına səbəb olurdu. Bu həm də onların sağlamlığı üçün təhlükəli idi".
"Təbii ki, ekologiyanın qorunması vacibdir. Həmin yer canlılar üçün təhlükə mənbəyi idi. Yayda su olan ərazilərdə ağcaqanad, milçək çox olur. Eyni zamanda, əgər bu sular çirkab sularıdırsa, müxtəlif epidemiyaların yayılması da qaçılmazdır".