BAKI, 14 iyul — Sputnik. "Bakı yığması" Şən və Hazırcavablar Klubunun (ŞHK) üzvləri Kalininqrad vilayətinin Svetloqorsk şəhərinə yollanıblar. Onlar 21,22, 23 iyul tarixlərində bu şəhərdə keçiriləcək "Qolosyaşiy KiViN-2017" beynəlxalq festivalında iştirak edəcəklər.
ŞHK-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, milli kollektivin bu böyük yarışda xidmətləri az olmayıb: keçən il Azərbaycanın ŞHK tarixində ilk dəfə olaraq "Bakı yığması" festivalı qazanıb və "Malıy KiViN v temnom" nominasiyasının qalibi olub.
Hazırkı festivalda iştirak üçün komanda növbəti dəfə fədakarlıq etməli olub. Vəsait çatışmazlığı faktı ilə üz-üzə qalan komanda ən son məqamda Svetloqorska öz imkanları hesabına getməyə qərar verib.
Komandanın direktoru Cavid Şahbazbəyovun sözlərinə görə, onlar həmin şəhərə öz maşınları ilə yola düşüblər.
"Bu, çox çətin səfərdir. Biz min kilometrlərlə yol getməli, bir neçə ölkənin ərazisindən keçməliyik. Bu, böyük sınaqdır. Əlavə olaraq komanda çıxışlara hazırlaşmalıdır. Bu məsələdə günahkar axtarmağı düşünmürük. Səbəb dolların kursu və son zamanlar baş verən proseslərdir. Amma biz təslim olmamaq qərarına gəlmişik" — deyə Şahbazbəyov bildirir.
O qeyd edib ki, bütün bunları vətənimiz naminə edirlər. İnanırlar ki, Azərbaycanı bu festivalda ləyaqətlə təmsil edəcəklər.
Sözügedən layihənin münsiflər heyəti Yuli Qusman, Valdis Pelş, Pelaqeya, Sergey Svetlakov, Semyon Slepakov, Sergey Bezrukov və Aleksandr Panayotovdan ibarətdir.
Tamaşaçılar sözügedən festivala payızda Rusiyanın Birinci kanalında baxa biləcəklər.