BAKI, 14 iyul — Sputnik. Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda "Banklar haqqında" qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Mülki Prosessual Məcəllənin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin "Banklar haqqında" qanunun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, "Banklar haqqında" qanunun 72.1.2-ci maddəsinin "dayandırma" ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir.
Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının "Banklar haqqında" qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.