CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda narkoman ata-ana övladlarını küçədə diləndirir

© Sputnik / Irade JELILDilgüşə Məmmədova
Dilgüşə Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Nənə də narkotik aludəçisi olan qızı ilə kürəkəninin əlindən fəryad edir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Çox zaman "küçə uşağı" deyəndə internat uşaqları, kimsəsiz uşaqlar göz önünə gəlir. Ancaq iki valideyni olan, valideynləri tərəfindən işləməyə, dinləməyə məcbur edilən uşaqlar da az deyil. Bu, cinayət və uşaq hüquqlarının pozulması kimi qeydə alınsa da, təəssüflə qeyd etməliyik ki, bəzən cinayətkarlar cəzasız qalır. Balaca Yunisin valideynləri kimi…

Yunis 2015-ci il sentyabrın 15-də dünyaya gəlib. Başqa valideynlər kimi onun valideynləri də Yunisin dünyaya gəlişinə seviniblər. Amma onların sevinci fərqli məna daşıyıb. Seviniblər ki, pul qazanmağa vasitə əldə ediblər. Diləndirmək üçün övlad!…

Yunisin başına gələnlər barədə car çəkən, onun diləndirilməsi barədə şikayətçi olan isə dost-doğma nənəsi Dilgüşə Məmmədovadır. Nənə məcburiyyət qarşısında qalıb, iki nəvəsinin uşaq evinə qoyulması üçün aidiyyatı qurumlara müraciət edib. O, iki qız nəvəsini (Abbasova Nərminə — 26 aprel 2010-cu il təvəllüdlü və Abbasova Xədicə — 20 oktyabr 2012-ci il təvəllüdlü) valideynlərindən alınaraq uşaq evinə verilməsini xahiş edir.

Sputnik Azərbaycan-a müraciət edən 63 yaşlı Dilgüşə nənə qızından şikayətçidir. Deyir ki, həyatı əvvəldən gətirməyib: "6 ayın gəlini idim, samovar partladı, bədənim yandı. Sonra uzun illər uşağım olmadı. Yoldaşım təklif etdi ki, baldızımın uşağını götürüb saxlayaq. Razılaşdım, baldızımın 2 aylıq qızını götürüb saxlamağa başladım. Amma uşaq xəstə doğulmuşdu, iflic idi. Sən demə, baldızım uşaq dünyaya gəlməmişdən öncə dərman içibmiş ki, uşaq qarnında ölsün. Allah saxlayanda saxlayır, amma kaş…"

© Photo : D.Məmmədovanın arxiviDilgüşə xanım Aynurəni 2 aylıq körpə ikən övladlığa götürüb
Dilgüşə xanım Aynurəni 2 aylıq körpə ikən övladlığa götürüb - Sputnik Azərbaycan
Dilgüşə xanım Aynurəni 2 aylıq körpə ikən övladlığa götürüb

Dilgüşə xanım baldızının qızını böyütməyə başlayıb. Amma qısa bir müddət sonra öz övladı da olub. Bir oğlu dünyaya gəlib: "Düşünürdüm ki, bu, Allahın mənə lütfüdür. Mən baldızımın qızına baxmasaydım, bəlkə də övladım olmayacaqdı, deyə düşünürdüm. Övladım yenicə dünyaya gəlmişdi ki, yoldaşım mənə xəyanət elədi. Məni atıb, bir başqa qadınla ailə həyatı qurdu. Və bir gün də gəldi ki, "qızı ver, biz saxlayacağıq". Sonra eşitdim ki, qızı uşaq evinə veriblər. Gedib götürdüm. O vaxtlar "Neftçilər"də qalırdım. Orada evimi satıb, gəlib bu həyət evini aldım və çalışıb övladlarımı böyütməyə başladım. Qısacası həyatımı uşaqlarıma həsr elədim".

Dilgüşə xanım deyir ki, qızına təhsil vermək üçün də əlindən gələni edib. Hətta onu Yasamalda 13 saylı poliklinikada işə düzəldib. Qızı isə bir müddət çalışandan sonra bir oğlanla tanış olub, işini atıb: "7 il iş təcrübəsi var idi. Amma bir gün xəbər tutdum ki, Bəxtiyar adlı biri ilə tanış olub. Deyəsən, aralarında hər şey olmuşdu. Deyirdi ki, "mən onsuz yaşaya bilmərəm". Özünü yaxşı aparmadığına görə, işdən də çıxarmışdılar".

© Photo : D.Məmmədovanın arxiviBəxtiyar ilə Aynurənin toyu
Bəxtiyar ilə Aynurənin toyu - Sputnik Azərbaycan
Bəxtiyar ilə Aynurənin toyu

"Çarəsiz qalmışdım. Anası rəhmətə getmişdi Aynurənin, ona görə də xalası ilə məsləhətləşdim. Dedim ki, "yoldaşımın məni atdığını, başqası ilə evləndiyini bilirsiz, qızı da əzab-əziyyətlə böyütmüşəm. Dayısı (keçmiş həyat yoldaşım) heç vaxt qızla maraqlanmayıb. İndi də bir "avara" ilə tanış olub, deyir, "sevirəm". Mən qızı ona vermək istəmirəm, siz verirsinizsə, özünüz bilin". Qız ağlayıb, özünüz öldürürdü ki, "mən onsuz yaşaya bilmərəm". Qızın xalası ona toy edib, köçürdü. Oğlanın evi də yox idi. Başladılar kirayə qalmağa, hər ay bir ev dəyişdirirdilər. Sonra oğlan narkotikə qurşandı. Damarına iynə də vururdu" — qadın danışır.

D. Məmmədovanın sözlərinə görə, əsas problemlər də bundan sonra başlayıb. Aynurənin iki qızı dünyaya gəldikdən sonra ataları Bəxtiyar uşaqları dilənməyə məcbur edib, döyüb, incidib: "Kaktusun" yanında (Bakıda restorandır – red.) uçuq-sökük blokda qalırdılar. Elə orda da diləndirirdi qızları. Mənim ürəyim dözmürdü, uşaqlara yazığım gəlirdi. Hər dəfə Aynurəni ərindən ayırmağa çalışsam da, mənə "ailəmi dağıtmaq istəyirsən" deyirdi".

İki nəvəsinə ürəyi yanan Dilgüşə Məmmədova, bir çox dövlət qurumlarına müraciət edəndən sonra nəhayət ki, qızlar ailədən alınır və Şüvəlan 1 saylı uşaq evinə verilir: "Mənə Aynur Sofiyeva (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini – red.) yardım elədi. Getdim yalvardım ki, qızları o ailədən qurtarsınlar. Amma qızım uşaqları vermək istəmirdi, çünki uşaqları diləndirib yaxşı pul qazanırdılar. Nəvəm danışır ki, bir gün atası yenə onu diləndirməyə çıxarıb. Deyib ki, get o bahalı maşının sürücündən pul al. Uşağı elə itələyib ki, qız palçığa yıxılıb. Sürücü düşüb nəvəmi qaldırıb, pul da verib. Bir az uzaqlaşan kimi atası döyə-döyə nəvəmdən pulu alıb".

Uşaqların acınacaqlı vəziyyətinə dözə bilməyən nənə, qızları uşaq evinə qoya bilib, amma 2015-ci ildə Aynurənin bir oğlu da dünyaya gəlib: "Qızları qoydum, ürəyim rahatlaşdı ki, dövlətin nəzarətindədirlər. İstədiyim vaxt gedib uşaqları görürəm, yemək, pal-paltar alıram. İnanın Allaha, uşaqlara internatda valideynlərindən yaxşı baxırlar. Sağ olsun Süsən xanım, (internatın direktoru – red.) qızlarıma xüsusi diqqət edir. Süsən xanım danışır ki, qızları ailədən almağa gedəndə görüblər ki, uşağın bədəni kir içindədir. Həm də parça-parça yaralar töküb. Başlarının kirini yuyub təmizləmək mümkün olmayıb, qırxıblar".

© Sputnik / Irade JELILDilgüşə Məmmədova problemlə bağlı indiyə kimi bir çox instansiyalara müraciət edib
Dilgüşə Məmmədova problemlə bağlı indiyə kimi bir çox instansiyalara müraciət edib - Sputnik Azərbaycan
Dilgüşə Məmmədova problemlə bağlı indiyə kimi bir çox instansiyalara müraciət edib

"Ürəyim qızlara görə rahatdır. İndi narahatlığım balaca Yunisə görədir. Onun iki yaşı var, gəzən, yeyən vaxtıdır. Bağlayıblar qara arabaya, qoyublar "Favorit" marketin yanına. Qarşısına da bir cib tikiblər. Gələn-gedən pul verir. Sonra da o pulu narkotikə xərcləyirlər. Artıq qızım da aludə olub. Bura gələndə hiss edirəm özünü aparmağından, danışığından, yalanlarından. İnanın, stəkanlarını da ayırmışam. İyrənirəm" — dərdi qadın deyir.

Dilgüşə xanım balaca Yunisin anasından alınması üçün bütün qurumlara müraciət etdiyini deyir. O bildirir ki, belə davam etsə, Yunis küçələrdə öləcək: "Ana-ata narkoman, iynə vururlar. Uşaqdan pul mənbəyi kimi istifadə edirlər. Diləndirib o pula narkotikə olan ehtiyaclarını ödəyirlər. Özləri də gündə bir ev dəyişirlər. Mən Aynurəyə II qrup əlilliyə görə təqaüd düzəltmişdim. Kart qızdadır. Deməli kirayə qalırlar, pulu ödəməyə bir gün qalmış, kartı ev sahibinə verib, evdən çıxırlar. Sonra da gəlib mənə deyir ki, kartı itirmişəm, yenisin çıxartdır".

Həmsöhbətimiz bütün bunlardan xəbərsiz olduğunu qeyd edir: "İnanın, küçəyə çıxa bilmirəm, gəlib mağazalardan nisyə siqaret götürürlər. Deyirəm ki, verməyin. Qızın pasportunu da tutub almışam, yoxsa yoldaşı məcbur edir ki, get pul götür. Mağazadan da sonra mənim üstümə gəlirlər. Yorulmuşam, qızım, bütün dövlət qurumlarından, hüquq mühafizə orqanlarından, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xahiş edirəm, nə qədər ki iki yaşlı nəvəm o ailədə ölməyib, uşağı alsınlar onlardan. Qızım artıq ağlını da itirib. Ona uşaq etibar etmək olmaz. Xahiş edirəm mənə kömək edin. Mən sahə müvəkkilinə deyirəm, mənə deyirlər ki, ana uşaqdan imtina etməlidir. Qızım uşağa pul mənbəyi kimi baxırsa, sizcə ondan imtina edə bilərmi?"

Dilgüşə Məmmədova Sputnik Azərbaycan vasitəsilə aidiyyatı qurumlara müraciət edib xahiş edir ki, balaca Yunisi dilənməkdən qurtarsınlar…

Xəbər lenti
0