Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yaxın 2-3 ildə öz çörəyimizi özümüz qazana bilməyəcəyik

© Sergey Pivovarov / Mediabanka keçidTaxıl
Taxıl - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər lazımi addımlar atılarsa, 10 ildən sonra bu problemdən qurtula bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Ötən il Azərbaycana 1 milyon 600 min ton buğda idxal olunub. Yerli istehsalçılar tərəfindən isə həmin dövr ərzində ümumilikdə 1 milyon 854 min ton buğda istehsal edilib.

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bildirib. İdarə rəisinin sözlərinə görə, əsas məqsəd tələbatın böyük əksəriyyətini yerli istehsal hesabına ödəməkdir.

"Təəssüf ki, buna nail ola bilmirik. Ərzaq təhlükəsizliyini şərtləndirən amillərdən biri də kadr məsələsidir. İxtisaslı kadr olmasa, məhsul bolluğu yaratmaq, keyfiyyətə nail olmaq mümkün deyil. Bazarın tələbatına uyğun sortların yaradılması üçün işlər görülməlidir. Biz buğdanı həm istehsal etməli, həm də almalıyıq" — FHN rəsmisi bildirib.

Bəs, Azərbaycanda taxıla olan tələbi ödəmək üçün nə etmək olar? Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanın illik təxminən 3 milyon 400 min ton civarında taxıl tələbatı var. Onun sözlərinə görə, ölkəmizdə isə çörək üçün istehsal olunan buğda miqdarı təxminən 1 milyon 500 min tondur.

© Qadir Bayramlının şəxsi arxivindənAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

"Bizdə adambaşına, təxminən 160 kiloqram buğda düşür. Bu göstərici inkişaf etmiş ölkələrdəki göstəricilərdən çoxdur. Bu, daha çox çörək istehlak etdiyimiz, çörəyə üstünlük verdiyimiz üçün belədir. İnkişaf etmiş ölkələrdə bəzən bu rəqəm 2 dəfə az ola bilir" — Q. Bayramlı vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycanda taxıla olan tələbi ödəmək üçün radikal islahatlar lazımdır: "Taxılçılıqla bağlı geniş səlahiyyətlərə malik bir qurum yaradıla bilər. Taxılçılıqla məşğul olan tədqiqat institutu da bu qurumun tərkibində olmalıdır. Digər tərəfdən, bu sahədə tədrisin keyfiyyətinin artırılması lazımdır. Torpaqların tərkibi, gübrəyə olan tələbat, eroziyanın səviyyəsi və s. bu kimi məsələlər yenidən araşdırılmalı, öyrənilməlidir. Azərbaycanda gübrə təminatı yetərli deyil. Fermerlər üçün həm mineral gübrələrin, həm də kənd təsərrüfatı ziyanvericilərinə qarşı olan preparatların lazimi səviyyədə təminatını həyata keçirmək lazımdır".

O, yaxın 2-3 ildə Azərbaycanın idxal etdiyi böyük miqdarda taxılın yerli istehsal hesabına təmin olunacağını gözləmir: "Bu 2-3 ilin məsələsi deyil. Ölkədə idxalın azaldılması ilə bağlı mərhələli şəkildə bir proqram həyata keçirilməlidir və 8-10 il sonra bunun nəticələrini görə, əldə edə bilərik. Çünki idxal etdiyimiz buğdanın miqdarı həddən çoxdur".

Ekspertin fikrincə, Azərbaycanda taxılçılıqla məşğul olanların təşviq edilməsi artırımalıdır: "Türkiyədə baza qiymətləri (taban fiyatları) sistemi mövcuddur. Bu sistemə görə, taxıl sahədən yığılmamış dövlət onu alacağına təminat verir, qiymətini də müəyyən edir. Bu sistem işləyirsə, istehsalçı artıq bilir ki, onun istehsal etdiyi məhsul əlində qalmayacaq. Bunun alınacağına dair təminat var. Bunun ölkədə tətbiqi təşviqi xeyli artıracaq. Digər tərəfdən, taxılçılıqla məşğul olanlara verilən kreditlərin həcmi yetərli deyil. Onlara uzun müddətli ya faizsiz, ya da kiçik faizlə daha çox kredit verilməlidir".

Dosent deyib ki, Azərbaycanda taxılçılıqda intensiv təsərrüfat üsuluna keçmək, məhsuldarlığı artırmaq lazımdır: "Hazırda ölkəmizdə ortalama hər hektardan 25 sentnerə kimi buğda götürülür. Bu, azdır. Əkin sahələrini artırmaq yerinə, məhsuldarlığı heç olmasa, 40 sentnerə çatdıra bilsək, bu, xeyli dərəcədə taxıl istehsalının artmasına səbəb olar".

"Azərbaycanın rayonlarında dəyirman şəbəkəsi yaradıla bilər. Niyə əhali yetişdirdiyi yerli buğdadan un kimi istifadə edə bilmir? Ona görə ki, sərt buğdanı üyütməyə dəyirman yoxdur. Bizim kənd təsərrüfatında çalışanlar adətən sərt buğda yetişdirirlər və dəyirmanlar sərt buğdanı üyüdə bilmir. Sərt buğda dəyirmanın müəyyən hissələrini xarab edir və onun tez-tez dayanmasına səbəb olur. Dəyirmanlar yumşaq buğdanı üyüdə bilir" — Q. Bayramlı bildirib.

Onun sözlərinə görə, hər rayonda 3-4 ədəd sərt buğdanı üyüdə bilən böyük dəyirmanlar olsa, yerli əhali alınma buğdaya, una meyl etməyəcək: "Azərbaycanda istehsal olunan buğdadan əldə edilən unun keyfiyyəti, kalorisi çox yüksəkdir. Sadəcə olaraq əhali çarəsizlikdən gətirilmə un alır və öz yetişdirdiyi buğdanı təəssüf ki, heyvan yemi kimi istifadə etmək məcburiyyətində qalır. Bunun azaldılması üçün dəyirmanların olması zəruridir".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkədə yetişdirilən və istehsal edilən buğdanın həcmi ilə tələbatın arasında fərq elə də böyük deyil: "Sadəcə problem odur ki, istehsal edilən taxılın əhəmiyyətli hissəsi Taxıl Fondu tərəfindən alınmır və bu, birbaşa həmin taxılın keyfiyyət standartları ilə əlaqələndirilir. Taxılın böyük hissəsinin keyfiyyət standartlarının Taxıl Fondunun standartlarına uyğun gəlmədiyi qeyd olunur. Hər il bu problem özünü qabarıq şəkildə göstərir. Taxıl istehsal olunur amma Taxıl Fondu tərəfindən alınmır".

İqtisadçının sözlərinə görə, bu sahədə kadr potensialının gücləndirilməsi vacibdir və buna ehtiyac var: "Sovet İttifaqı dağıldıqdan sonra aqrar sektorun zəif inkişaf etməsi kadr potensialının itirilməsinə gətirib çıxardıb. Kadr qıtlığı, problemi mövcuddur və bunun həll edilməsinə ehtiyac var. Düşünürəm ki, kadr potensialının artırılması ilə yanaşı, fermerlər arasında maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var. Fermerlərin məlumatlandırılması, biliklərinin artırılması mühüm məsələdir. Konkret olaraq keyfiyyətli taxıl istehsalı bağlı təlimlərin keçirilməsinə ehtiyac var".

"Azərbaycanda taxıla olan illik tələbat təxminən 3 milyon tona yaxındır. Ərzaq buğdasına olan tələbat isə 1 milyon 600 min tondur. İstehsal da təxminən tələbə yaxındır, amma problem odur ki, istehsal olunan məhsulların əhəmiyyətli hissəsi keyfiyyət standartları baxımından Taxıl Fondu tərəfindən alınmadığı üçün yenə də idxaldan asılılıq qalmaqdadır" — V. Bayramov vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublika üzrə ümumilikdə biçiləcək 954 min 736 hektar taxıl sahəsinin 626 min 281 hektarını buğda, 328 min 455 hektarıını isə arpa sahələri təşkil edir. Bu ilin iyun ayının 6-na Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən artıq həmin sahələrin 600 min 055.1 hektarı (62,9%) biçilib. Bunun da 326 min 846.1 hektarı (52,2%) buğda, 273 min 209.0 hektarı (83,2%) isə arpa sahələridir. Ümumilikdə 1 milyon 627 min 225.6 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946 min 315,5 tonu buğda, 680 min 910,1 tonu isə arpa məhsuludur.

Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.

Xəbər lenti
0