BAKI, 12 iyul — Sputnik. İyulun 12-də Bakıda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Həzi Aslanov ordeni ilə təltif edilmiş şəhid Albert Aqarunova həsr edilmiş "Yaşadığım torpaq" adlı bədii süjetli filmin təqdimat mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, filmin rejissoru İsraildə yaşayan soydaşımız Səadət Şükürovadır.
Öz şəxsi büdcəsi hesabına filmi ərsəyə gətirən rejissorun "Yaşadığım torpaq" adlı filmi Albert Aqarunovun həyat yolundan, İsrail-Azərbaycan dostluğundan bəhs edir.
Təqdimat mərasimində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Milli Qəhrəmanın cəbhə dostları və digərləri çıxış edərək Albert Aqarunovun şərəfli həyat və döyüş yolundan, qəhrəmanlığından danışıb, Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərindən söz açıblar.
Bildirilib ki, Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.
Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 23 yaşında olarkən 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərinin kökləri dərindir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Xalqlarımız arasındakı sıx və ikitərəfli əlaqələr çox mühüm amildir.