Azad Rəhimov: “Xüsusi rabitə vasitəsiylə insanlar gəlmədən elektron kitabları əldə edə bilərlər”
“Səyyar kitabxana” layihəsi birinci ilindən çox uğurlu oldu". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib: “Səyyar kitabxana”nın olduğu bütün rayon mərkəzlərində ona çox böyük maraq var idi. Bizdə olan məlumatlara görə il ərzində “Səyyar kitabxana”ya 10-15 min müraciət edilib. Müraciətlər əsasən Azərbaycan, rus və ingilis dilindəki kitablarla bağlıdır. Hal-hazırda kitabxanamızda 5 minə yaxın kitab var. Həmçinin, kitabxanada 10 minə yaxın elektron kitab mövcuddur”.
“Layihədə yeniliklər də var. Artıq kitabxana olduğu yerdə xüsusi rabitə vasitəsiylə insanlar gəlmədən elektron kitabları əldə edə bilərlər. Maraqlı məqamlardan biri də odur ki, regionlarda rus dilindəki kitablar üçün də müraciətlər olur. Gənclərimiz detektiv janrda yazılmış əsərləri çox oxuyurlar. Bununla yanaşı klassikaya da yetərincə maraq var. Bu il Balakən Azərbaycanın gənclər paytaxtı olduğu üçün layihə oradan start götürəcək” – deyə o bildirib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsinə artıq start verilib.