BAKI, 11 iyul — Sputnik. "Biosfer" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə yardımı ilə, "Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, may ayının əvvəlindən başlayan icra prosesi çərçivəsində, iyulun 8-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbdə, qaçqın, məcburi köçkün, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün növbəti təlim keçirilib.
Budəfəki təlimdə qız uşaqları tikmə (parça üzərində naxış salma) ilə yanaşı, ilgəklərdən ağaclar hazırlayıblar. Onlarla söhbət zamanı bu təlimdən çox razı qaldıqlarını söyləyib, daha çox toxumanı, müxtəlif süfrələrin, şərf toxunmasını da öyrənmək istədiklərini bildiriblər.
Təlimdə 20-yə yaxın uşaq iştirak edib. Bəzi uşaqların xüsusi fəallığı diqqət çəkib. Onlar belə təlimlərin tez-tez keçirilməsindən, xüsusilə yay tətili zamanı keçirilməsindən məmnun olduqlarını bildiriblər.