Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 10 iyul — Sputnik. Kişi həyat yoldaşının ölümünə dözə bilmədi və adını sayıqlayaraq dünyasını dəyişdi.
Hadisə Xaçmaz rayonunun Müzəffəroba kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, dünən kənd sakini, 50 yaşlı Fatimə Novruzova həyətlərində gilas yığarkən ağacdan yıxılaraq dünyasını dəyişib.
Bu gün səhər saatlarında qohumları yığışıb mərhumun qəbrini ziyarət etmək üçün yola düşmək istəyiblər. Bu zaman F. Novruzovanın həyat yoldaşı, 61 yaşlı Mahmud Novruzovun halı pisləşib. Novruzov həyat yoldaşının adını sayıqlayaraq ürəyini tutub və yıxılıb.
Ailəsi təcili tibbi yardım çağırsa da, bu, Novruzovun həyatını xilas etməyə qadir olmayıb. O, elə yıxıldığı yerdəcə dünyasını dəyişib.
Qohumları Sputnik Azərbaycan-a bildiriblər ki, Mahmud Novruzov dünən bütün günü "Mən Fatiməsiz yaşaya bilmərəm" deyə ağlayırmış.
Hadisə yerinə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları gəlib və hadisənin intihar olub-olmaması araşdırılır.
Onu da qeyd edək ki, mərhum Mahmud Lətif oğlu Novruzov polis işçisi olub və təqaüdə çıxıb.
Fatimə və Mahmud Novruzov cütlüyünün bir qızı və bir oğlu var.