BAKI, 10 iyul — Sputnik. İntensiv yağışlar və dolu Gürcüstanda ciddi problemlər yaradıb.
“Report” xəbər verir ki, dolu Laqodexi rayonu və ətraf kəndlərdə üzüm bağlarında məhsulu məhv edib.
Laqodexi bələdiyyəsi sədrinin müavini Qeorqi Bokeriya jurnalistlərə müsahibəsində deyib ki, iri buz parçaları şəklində olan dolu qısa müddət ərzində Laqodexi rayonunda və ətraf Matçimi, Niniqori, Baisubani, Aleni və Qiorqeti kəndlərində üzüm bağlarına ciddi ziyan vurub. Hazırda aidiyyəti orqanların nümayəndələri təsərrüfatlara dəyən ziyanın miqdarını hesablayır. İlkin məlumatlara görə, bir illik üzüm bağları və bar verən bağlarda üzümü məhv olub.
Gürcüstanın bölgələrinə yağan güclü leysan yağışları nəticəsində bəzi evlərə, təsərrüfatlara və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolunda sürüşmə baş verib. Yolda avtomobillərin hərəkətində fasilələr yaranıb.