CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranlı vunderkindlər: qardaş canlı kalkulyator, bacı çempion

© Sputnik / Rahim MuradovElnar və Nuray
Elnar və Nuray - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ailədə böyüyən uşaqların fitri istedadı hər kəsi heyran edir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Elə insanlar var ki, onlar başqalarında olmayan xüsusi qabiliyyətə malikdirlər. Belə insanlara el arasında "Allah-tala vergi verib" deyirlər. Düşünmək və yaratmaq qabiliyyəti hər bir insanın xəlq edilərkən, ona bəxş edilən ən qiymətli nemətdir.

Xüsusi qabiliyyət hər bir fərddə özünəməxsus şəkildə təzahür edə bilər. Məsələn, eyni yaşda və eyni sinifdə oxuyan uşaqlara eyni iş və ya eyni dərs tapşırılır. Bəziləri həmin tapşırıqların öhdəsindən gəlmək üçün çətinlik çəksə də, digərləri işi heç bir çətinlik çəkmədən yerinə yetirirlər. Xüsusi qabiliyyətli uşaqlar da məhz belə uşaqların arasından seçilir.

© Sputnik / Rahim MuradovElnar və Nuray
Elnar və Nuray - Sputnik Azərbaycan
Elnar və Nuray

Belə uşaqlar müxtəlif bacarığa sahib olanlardır. Kimisi yaxşı rəsm çəkməyi bacarır, kimisinin yaxşı səsi, digərinin isə güclü intellekti olur. Ən maraqlısı isə xüsusi qabiliyyətə sahib uşaqların bir ailədən olmasıdır. Lənkəran şəhərində yaşayan bacı və qardaş da belə uşaqlardandırlar.

2010-ci il təvəllüdlü Elnar və 2012-ci il təvəllüdlü Nuray Lənkəranda yetərincə tanınırlar. Ataları Eldar Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbəti zamanı bildirdi ki, Elnarla Nurayın hər ikisinin lap uşaq yaşlarından elmə meylli olduqlarını görüb və onlarla məşğul olmağa başlayıb: "Elnarın 4 yaşı olanda artıq ona yazmaq və oxumağı öyrətmişdik. Mən Elnarda xüsusən də riyaziyyata həvəs olduğunu gördüm. O, rəqəmləri öyrəndikdən sonra toplama və çıxmanı öyrətdim. Öyrətdim deyəndə ki… Gördüm uşaq özü can atır bunları öyrənməyə".

"Hazırda Elnar Lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinfini bitirib 2-ci sinfinə keçib. Bütün yaşıdlarından, hətta özündən bir neçə yaş böyüklərdən də fərqlənir. O, 2, 3, 4 və hətta 5 rəqəmli ədədlərin toplama, çıxma, vurma və bölməsini rahatlıqla, tam şifahi halda, heç bir vasitədən istifadə etmədən hesablayır. Hər iki uşağın sərbəst dərslə məşğul olması üçün onlara lövhə almışam. Bir dəfə lövhədə ağlıma gələn 18 rəqəmi yazdım. Elnar sərbəst şəkildə oxudu və getdikcə çətinləşdirmək üçün rəqəmləri bir-bir dəyişdim. Təbii ki, rəqəmləri dəyişdikcə nəticə də dəyişir. Amma Elnar çaşmadan bütün ədədi söylədi. Birdən qayıdıb mənə dedi ki, "ata, mən bu rəqəmi tərsinə, yəni, sağdan sola da oxuyub deyərəm". Və dediyini etdi" — ata danışır.

Elnar 1-ci sinfi fərqlənmə ilə bitirib. O, Lənkəranda birincilər arasında keçirilən xüsusi test yarışmasında bir neçə dəfə iştirak edib. 3 dəfə 1-ci yer, 2 dəfə 2-ci yerə sahib çıxıb.

Atası deyir ki, Elnar dərs başlayan ili müəllimini də heyran edib: "Müəllim dərs ilinin ilk günündə bütün şagirdləri, o cümlədən Elnarı da yoxlayıb. O da müəlliminin verdiyi bütün sualları cavablayıb. Müəllim uşağı çaşdırmaq üçün rəqəmlərin mürəkkəbliyini dəyişib, lakin Elnar cavab verib. Sonra isə sualları tez-tez verməyə başlayıb ki, bəlkə Elnar arada səhv edər. Amma yenə də alınmayıb".

"Sonda müəllim birinci sinfə hazırlaşan Elnara "37 — 40 =" sualını verdikdə, onun "-3" cavabı müəllimi şoka salıb. O da "Sənə daha zaval yoxdur" deyib və daha sual verməyib. Dərsdən sonra da mənə dedi ki, "ata, müəllim çox sadə suallar verirdi: 3+5, 6+4, 9-2…" Elnar bu hesablamaları 5 yaşında bilirdi və ona bu suallar çox qəribə gəlib" — E. Məmmədov bildirir.

© Sputnik / Rahim MuradovElnar 2-5 rəqəmli ədədləri rahatlıqla toplaya, çıxa, vura və bölə bilir
Elnar 2-5 rəqəmli ədədləri rahatlıqla toplaya, çıxa, vura və bölə bilir - Sputnik Azərbaycan
Elnar 2-5 rəqəmli ədədləri rahatlıqla toplaya, çıxa, vura və bölə bilir

Qeyd edək ki, Elnar həm də yaxşı şahmat oynayır. O, bir neçə dəfə Lənkəran şəhərində və cənub zonasında 8 yaşlılar arasında keçirilən turnirində iştirak edib və qələbə qazanıb. Elnarın 5 yaşlı bacısı Nuray Məmmədli də ondan geri qalmır. Hətta 5 yaşı olmasına baxmayaraq, özündən yaşca böyüklər arasında keçirilən şahmat yarışlarında bir neçə dəfə fərqlənib, bir dəfə də Respublika çempionatının final mərhələsinə vəsiqə qazanıb. Nuray yeganə uşaqdır ki, Respublika çempionatında 5 yaşında iştirak edib.

© Sputnik / Rahim Muradov5 yaşlı Nuray özündən yaşca böyüklər arasında keçirilən şahmat yarışlarında bir neçə dəfə fərqlənib
5 yaşlı Nuray özündən yaşca böyüklər arasında keçirilən şahmat yarışlarında bir neçə dəfə fərqlənib - Sputnik Azərbaycan
5 yaşlı Nuray özündən yaşca böyüklər arasında keçirilən şahmat yarışlarında bir neçə dəfə fərqlənib

Atası deyir ki, Nurayın şahmata marağı olduğunu təsadüfən aşkar edib: "Biz Elnarı şahmat məktəbinə aparanda Nurayın 3 yaşı vardı. O, evdə tək qalmasın deyə, hər dəfə bizimlə gedərdi və Elnarın şahmat dərslərinə sakitcə kənardan baxardı. Bütün şahmat gedişlərini, fiqurların güclərini məhz Elnarın şahmat dərsində şifahi olaraq öyrənib".

"Bir dəfə də şahmat müəllimi otağa girəndə bütün fiqurların tam düzüldüyünü gördü və təəccüblə bunu kimin düzdüyünü soruşdu. Biz də Nurayı göstərdik. Müəllim inanmayıb fiqurları yenidən qarışdırdı və düzülməsini istədi. Nuray da fiqurları yenidən düzdü" — ata deyir.

Onun sözlərinə görə, qızını ötən ilin may ayında ilk dəfə olaraq şahmat dərslərinə yazdırıb və uşaq yazıldığı gün də yarışa qatılıb: "Yaşının az olmasına baxmayaraq, Nuray öz gözəl oyunu və qələbələri ilə Lənkəran Şahmat Məktəbinin bütün müəllimlərinin rəğbətini qazana bilib. Bu il isə Azərbaycan çempionu titulunu qazana bildi. 5 yaşı olmasına baxmayaraq III dərəcəli şahmatçı dərəcəsini alıb və 11 dəfə diplomla təltif edilib".

© Sputnik / Rahim MuradovNurayın diplomları
Nurayın diplomları - Sputnik Azərbaycan
Nurayın diplomları

Məlumat üçün bildirək ki, Elnar və Nuray Məmmədlilər Rusiyanın Novorossiysk şəhərində keçiriləcək Şahmat Birinciliyinə dəvət alıblar və turnirə hazırlıqlarını davam etdirirlər.

Xəbər lenti
0