BAKI, 7 iyul — Sputnik. İyulun 10-dan qatarlar yay qrafiki ilə hərəkət edəcək
Sputnik Azərbaycan Bakı Metropolitenin mətbuat xidmətindən aldığı məlumata görə, qatarlar arasında interval gur saatlarda 2,5, qalan vaxtlarda, əsasən, 3 dəqiqə olacaq
Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 10-dan metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılır. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib.
Gur saatlarda "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək.
Qeyd edək ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, "28 May" stansiyasından sonra hərəkət zamanı həm "İçərişəhər", həm də "Dərnəgül" stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir.
Xatırladaq ki, gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir.
Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.