BAKI, 6 iyul — Sputnik. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsində, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 14 saylı köməkçi stansiyasında qeydə alınıb.
Stansiyada tibb bacısı işləyən qadının keçmiş həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və bıçaqla silahlanaraq tibb müəssisəsinə gəlib. O, keçmiş arvadını öldürmək istəyib. Stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov Abbas Hüseynova mane olmağa çalışıb. Lakin sərxoş kişi əlindəki bıçaqla həkimin ürək nahiyəsinə zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.