Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Xarici dövlət borcunun artması müsbət haldır"

© Sputnik / Murad OrujovФинансовая отчетность, фото из архива
Финансовая отчетность, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Beynəlxalq Bankın borclarını bağlamağa məcburuq. Çünki bununla bağlı dövlətin müəyyən öhdəlikləri var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Ötən həftə Milli Məclisin plenar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər müzakirə edilərək təsdiq edilib. 2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır. Bu da ilkin proqnozla müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Yeni büdcənin xərclərinin isə 1 milyard 41 milyon manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2% çoxdur.

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında büdcənin gəlir və xərclərinin artırıldığını deyib: "511 milyon manat vəsait büdcəyə əlavə edilib. 1 milyard 41 milyon manat da büdcənin xərc hissəsinə əlavə olunub. Yəni, 1 milyard 41 milyon manatın əsas hissəsi — 500 milyon manatı gəlirlər idi, qalan hissəsi də Maliyyə Nazirliyinin xəzinə qalığından əlavə edilib. Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat daxilolmalar hesabına 511 milyon manat formalaşıb".

Millət vəkili bildirib ki, əsasən sosial layihələrin həyata keçirilməsi üçün büdcənin xərclərinin 1 milyard 41 milyon manat artırılması nəzərdə tutulub: "Əmanətlərin Sığortalanması Fonduna, haradasa 550 milyon manat vəsait ayrılıb. Çünki, bağlanmış banklara əmanətlərin qaytarılması üçün vəsait lazım idi. Bu, bir sosial layihə olduğu üçün dövlət başçısı buraya vəsait ayırıb. İkincisi, qaz itkisi var. Qazın qiyməti aşağı olduğu üçün, zərəri ödəmək üçün büdcədən 250 milyon manat subsidiya ayrılıb. Amma biz mövqeyimizi bildirdik ki, qazda itkilər həddindən artıq çoxdur, bunun qarşısını almaq lazımdır ki, büdcədən vəsait ayrılmasın".

"Bir də ki, bank sistemində vaxtında nəzarət mexanizmi güclü olmadığı üçün belə bir vəziyyət, şərait yaranıb. Ona görə də məcburuq ki, indi dövlət büdcəsindən vəsait ayıraq. Digər tərəfdən, sosial mənzillər üçün əlavə 50 mln. manat, ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 mln. manat vəsait ayrılıb" — V. Əhmədov vurğulayıb.

O, qeyd edib ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 mln. manat vəsait ayrılıb: "Bu vəsait çox azdır. Əgər biz qaz itkisinə yol verməsəydik, 150 milyon manatı məhz elə əsaslı vəsait qoyuluşu xərclərinə ayıra bilərdik ki, ümumi daxili məhsulun artımı daha da hiss olunsun".

Deputatın sözlərinə görə, xarici dövlət borclanmasının artımı "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə əlaqədardır: "2017-ci ilin dövlət büdcəsinə yenidən baxılması zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə, avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq".

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Həmsöhbətimiz bu borcun məbləğinin çox da böyük olmadığını deyib: "Elə dövlətlər var ki (məsələn, ABŞ, Böyük Britaniya kimi), onların dövlət borcu illik büdcəyə bərabərdir. Biz bunu etməyə məcburuq. Çünki bu bankla əlaqədar olaraq dövlətin müəyyən öhdəlikləri var. Bu bank dövlət bankıdır. Bu bankın özəlləşdirilməsi ilə bağlı dövlət başçısının sərəncamı var. Bank sağlamlaşdırılmalıdır ki, özəlləşdirilməyə çıxarıla bilsin".

Dövlət büdcəsinin kəsiri məsələsinə gəlincə, millət vəkili qeyd edib ki, dövlət büdcəsinin kəsiri böyük deyil, çox aşağıdır: "Ondan heç danışmağa dəyməz. Dövlət büdcəsinin kəsiri 1,8%-dir".

Qeyd edək ki, yenilənmiş dövlət büdcəsində kəsirin təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln. manat və ya 82,2% artırılaraq 1 mlrd. 175 mln. manata çatdırılması nəzərdə tutulub. Bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8%-nə bərabər olacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan büdcəsi ilkin variantda təsdiq olunanda dəyişikliklər gözlənilən olub: "Bu, ilk növbədə neftin dünya bazarındakı qiyməti ilə bağlı məsələdir. Hazırda dünyada neftin qiyməti bizdə neftin büdcədə nəzərdə tutulmuş qiymətindən yüksəkdir. Bu da əlavə gəlir deməkdir. Buna görə də bu dəyişikliklər gözlənilən idi".

Xarici dövlət borclanmasının artırılmasına gəlincə, ekspert deyib ki, Azərbaycanda hökumətin iqtisadiyyatı stimullaşdırmaq ilə bağlı bir sıra layihələri nəzərdə tutulub: "Bunların da əksəriyyəti xarici kreditlər hesabına həyata keçirilməsini nəzərdə tutur. Bunlar kifayət qədər əlverişli kreditlərdir. Ona görə düşünürəm ki, bu da o zərurətdən irəli gəlib".

"Ümumilikdə, Azərbaycanda dövlət borcunun ÜDM-dəki nisbəti hazırda təhlükəli həddə deyil. Hələ bunun bir qədər də artırılması mümkündür. Ümumiyyətlə, dövlətin xarici borcunun artması müsbətdir o halda ki, onun tərkibinə baxmaq lazımdır. Əgər kreditlər aşağı faizli, uzun müddətlidirsə, bu, iqtisadiyyat üçün kifayət qədər müsbət hal hesab oluna bilər" — E. Bağırzadə bildirib.

Xəbər lenti
0