BAKI, 4 iyul — Sputnik. Nəsimi rayonunda qətl hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, ötən gün saat 23:00 radələrində Qasımov küçəsindəki 7 nömrəli binada yerləşən mənzillərdən birində, əvvəllər həbsdə olmuş, 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu qətlə yetirilib. Tezliklə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə, 1951-ci il təvəllüdlü Bakı sakini Səlimov Zakir Hüseyn oğlu gələrək təqsirini etiraf edib.
Məlum olub ki, Həsənov ağac çomaqla ölənə qədər döyülüb. İlkin araşdırmaya görə, Həsənov əyyaş həyat tərzi keçirib və aşırı dərəcədə spirtli içkilər qəbul edirmiş.
Bazar ertəsi axşam kişilər birlikdə həddindən artıq spirtli içki qəbul edərək, həmişəki kimi mübahisə etməyə başlayıblar. Nəticədə Səlimov əlinə keçən ağac çomaqla "butulka yoldaşı"nı ölənədək döyüb. Sonra da özü gəlib polisə təslim olub.