İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. 2003-cü il yanvar ayının 13-də mərhum prezident Heydər Əliyev "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncam Prezident Aparatına daxil olmuş müraciətlər əsasında imzalanmışdı. Aparata müraciət edən vətəndaşlar bildirirdilər ki, bir sıra yerlərdə Xəzər dənizinin (gölünün) sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb.
Mərhum prezident ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı, 50-ci və 74-cü maddələrini rəhbər tutaraq Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin edilməsi barədə tapşırıq verdi.
Amma bu gün təəssüflə qeyd etməliyik ki, keçən 14 il ərzində adı sadalanan qurumlar mərhum prezidentin bu sərəncamına əməl etmədi, əksinə dənizkənarı torpaqlar satıldı, pay verildi, icarəyə verildi, hasarlandı. Bu gün Bakıətrafı kəndlərin əksəriyyətində dənizin kənarı hasarlanaraq özəlləşdirilib. Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Şıxov qəsəbələrində dənizi görmək üçün möcüzə lazımdır. Dənizə gedən yolu tapanda isə Allaha şükür edib, nəzir vermək istəyirsən. Dənizi tapanda sevinirsən, amma bu sevincin də gözündə qalır. Özəlləşdirilmiş istirahət mərkəzlərindən içəri giriş üçün belə müəyyən məbləğ ödəməlisən.
Respublika ərazisində Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar olsa da, təəssüf ki, bu mövzuda qanun şah ola bilmir. Qəsəbələrə gedəndə gözlərin 3-4 metr hündürlüyündə olan hasarlardan başqa heç nə görmür…
Kim bu adamlara səlahiyyət verib ki…?
Bakı şəhər sakini İlham Abdullayev Sputnik Azərbaycan-a deyir ki, əvvəllər Buzovna ərazisində pulsuz çimərliyə gəlirmiş, amma indi oranı da hasarlayıblar: "Əvvəl ailəmlə gəlib dəniz kənarında istirahət edə bilirdim. İndi deyir ki, maşınla giriş 1 manatdır. Bundan əlavə, guya mənim əraziyə palaz salıb oturmağım çimərliyin dizaynını pozur. Gərək onlardan şezlonq və ya stol —stul alım ki, onlara uyğun olum. Bu da 15-20 manat edir. Mən kasıb adamam, mənim üçün hardandır o qədər pul?"
Başqa bir sakin Nazim Ağayev isə Şıxov ərazisində dənizi hasarlayan obyektlərdən şikayətçidir. O deyir ki, əvvəllər ərazi açıqlıq olduğu üçün avtomobil idarə edəndə belə, dənizi görmək olurmuş: "İndi isə dənizi görmək üçün restorana, kafeyə, istirahət mərkəzinə getməlisən. Mənim üçün maraqlıdır, dəniz kimindir? Kim bu insanlara səlahiyyət verib ki, hərə bir mərkəz açıb hasarlasın? Dəniz məmurlarındır təkcə?"
Dəniz ancaq məmurlara məxsusdur?
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, ölkədə dənizin hasarlanması ciddi bir problemə çevrilib: "Bu məsələ barəsində dəfələrlə müzakirələr aparılmasına baxmayaraq, ortada ciddi bir nəticə yoxdur. Səbəb isə çox sadədir. Bu hasarların çoxu məmurlara aiddir və bu məmurlara təsir etmək mümkün deyil".
"Qanun qəbul edilsə də, müəyyən qadağalar tətbiq edilsə də, təəssüf olsun ki, əməl edən yoxdur. Bu səbəbdən də bu problemin yaxın gələcəkdə aradan qaldırılmasını düşünmək sadəlövhlükdür" — deputat qeyd edir.
Millət vəkili bildirir ki, dənizin belə hasarlanması təkcə insanlar üçün deyil, dəniz canlıları üçün də problem yaradır: "Balıqların artırılması, öz sahillərimizdə yetişdirilməsi alınmır. Azərbaycan balıqçıları da balığı başqa sahələrdən tuta bilirlər. Yəni, dənizin hasarlanması kompleks problemlərə səbəb olur. Biz nə qədər çalışsaq da, təəssüf ki, heç bir nəticə əldə edə bilmirik".
"Biz dənizi cəmiyyətin sərvətinə çevirmək istəyirik. İstəyirik ki, dənizi hamılıqla qoruyaq. Buna imkan vermirlər. Dənizin qumunu sıradan çıxarıblar. Dənizin qumu yoxdur. Hamısı tikinti sahələrinə daşınır. Gələcəkdə bu ekoloji fəlakətin qarşısında qalan Azərbaycan insanı olacaq. Bu da yanlış yanaşmanın nəticədir" — F. Mustafa vurğulayır.
Dənizin müəyyən şəxslər tərəfindən şəxsi villalar, istirahət mərkəzləri və s. obyektlər kimi hasara alınması kasıb təbəqənin dənizdən istifadə etməsinə də problem yaradır. Yəni yayın istisində kasıb təbəqə dənizdən istifadə edə bilmir. F. Mustafa deyir ki, belə davam edərsə, kasıb təbəqə dənizdən əlini üzməli olacaq: "Dəniz onsuz da çirklidir. Kasıb təbəqə təmiz su axtarmalıdır".
Millət vəkili hesab edir ki, "ictimai çimərliyin" yaradılması da çıxış yolu deyil: "Çimərliklərin təmizlənməsi, çimərlikdə satılan qidaların qiymətlərinin tənzimlənməsi ilə xüsusi məşğul olmaq lazımdır. Lap çimərliyə pulsuz getdin. Orda pul xərcləməyəcəksən?"
Millət vəkili Çingiz Qənizadə də Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində, dənizin hasarlanmasının tərəfdarı olmadığını qeyd edib: "Dəniz Azərbaycan xalqına bəxş edilmiş bir nemətdir. Bu gözəlliyi seyr etmək imkanının əlimizdən alınması alqışlanası hal deyil. Mən bunu pisləyirəm. Kimsə haradansa pul qazanır, gedib bir sahə alır, qala kimi hasar çəkirlər. İnsanların təbiəti seyr etməsinin, avtomobillə dənizə getməsinin qarşısını alırlar".
"Mənim mənim səlahiyyətim olsa, bütün hasarları sökərdim. Və hər bir şəxsin bu cür dənizi hasarlamasına qarşı çıxardım. Amma bilirsiniz ki, hər şey qanunla tənzimlənir. Biz sonradan qanuna dəyişiklik etdik, hər 200 metr məsafədən 6 metr giriş üçün ərazilərin boşaldılması, dənizə getmək üçün şəraitin yaradılması məqsədilə qanun qəbul etdik" — Qənizadə əlavə edir.
Millət vəkili bildirir ki, bu günlərdə yenidən həmin qanuna baxılıb: "Bilirsiniz ki, dənizin hasarlanmasına icazə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri daxilindədir. Bütün tikintilər onsuz da müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. Yenə şükürlər olsun, biz 200 metrdən bir 6 metr giriş haqqında qanun qəbul edə bildik. Amma baxaq bu qanun icra edilirmi? Hasarlar 200 metrdən bir sökülüb, giriş yerləri açılırmı? Bu qanun necə işləyir? Bu icra strukturlarının işidir".
O, hesab edir ki, dəniz kənarının hasarlanması, mühasirəyə alınması, girişin pullu olması düzgün hal deyil: "İnsanlar var ki, əmək haqqı ilə dolanır, ailəsi ilə heç yerə gedə bilmir. Hasarlanmış ərazilərdə hər dəfə giriş üçün 15-20 manat vermək imkanı yoxdur. Bütün bunlar nəzərə alınmalıdır".
Ç. Qənizadənin fikrincə, yüksək standartlı hotellər bütün ölkələrdə olduğu kimi Azərbaycanda da olmalı və mühafizə edilməlidir: "Amma kortəbii hasarlanmalara icazə verilməməlidir".
Qanun deyir ki…
Hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a şərhinə görə, Cinayət Məcəlləsinin 253-cü maddəsinə əsasən, qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma dörd min manatdan 6 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Ancaq təcrübəyə baxaq. Kimsə bu maddə ilə məsuliyyətə cəlb edilibmi? Olsaydı, hər halda mətbuatda işıqlandırılardı. Çünki bu məsələ daim gündəmdə olan məsələdir".
Hüquqşünas bildirir ki, Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmayıbsa, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunur ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mövcud duruma nəzər salanda, məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Görünür, Abşeron Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti bu səlahiyyətlərindən əhatəli şəkildə istifadə edir. Belə olmasaydı, qəsəbələrdə boy-boy ucalan hasarlar olmazdı.
Ancaq müvafiq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə, məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.