BAKI, 3 iyul — Sputnik. Bu gün səhər saatlarında Atatürk Hava limanından qalxan İstanbuldan Bodruma (Milas) uçan təyyarəsində ərlə arvadın davası dəhşətli nəticələrə səbəb olub.
Sputnik Azərbaycan "Hurriyet" qəzetinə istinadla xəbər verir ki, təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra ərinin telefonunda arzu etmədiyi bir mesajı görən qadın 7 və 10 yaşlı iki uşağının gözü qarşısında əvvəlcə ərinə qışqırmağa, sonra da onu döyməyə başlayıb. Stüardessalar qadını sakitləşdirməyə çalışsalar da, o, ərini vurmağa davam edir. Stüardessalar kişini başqa yerdə oturdublar. Amma qadın sakitləşməyib və bütün təyyarəni bir-birinə qatıb. Axırda stüardessalar məcbur olub qadını sakitləşdirmək üçün tualetə aparıblar.
Hirsi heç cür soymayan qadın yerinə keçincə yenidən çığır-bağır salmağa başlayıb. Artıq digər sərnişinlər dözməyərək qadına etiraz etməyə başlayıblar. Qadın ingiliscə "Məni aldadıb, onun payını verəcəm" deyə bərkdən qışqırıb. Onun qışqırıqlarından qorxan təyyarədəki digər sərnişinlərin uşaqları ağlamağa başlayıblar. Təyyarənin uçuş heyəti qadının qollarına plastik qandal taxaraq onu arxa oturacaqda oturtmaqla "zərərsizləşdirməyə" çalışıblar.
Bu arada orta yaşlı bir qadının halı pisləşib. Qadını təyyarədəki xüsusi kabinəyə apararaq sakitləşdirməyə çalışıblar. Təyyarə yerə enənə qədər "aldadılan" qadın səsini kəsməyib və qışqırıb. Onun bu hərəkəti sərnişinlərlə uçuş heyəti arasında mübahisəyə səbəb olub. Heyət "qoluna qandal vurduq, başqa nə edək" deyə bildiriblər. Bu dəhşətli səhnələrlə müşayiət olunan uçuş təyyarənin Milas Hava limanına enməsi ilə başa çatıb. Limanda polislər təyyarədə dava salaraq ərini döyən və digər sərnişinlərin həyatını təhlükəyə atan özbək qadını həbs ediblər.