BAKI, 3 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin günəşli olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-27, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 4-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda, işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.
Məlumata görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: "Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir".
"Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir" — məlumatda bildirilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını işəgötürənlərin diqqətinə çatdırır.