BAKI, 3 iyul — Sputnik. Yeni dərs ili üçün məktəbli formalarının kütləvi istehsalı ilə "Bakı Tikiş Evi" (BTE) ASC məşğul olur. Bu barədə Sputnik Azərbaycan-a BTE-nin satış şöbəsinin nümayəndəsi Etibar Əzimov bildirib.
Artıq sözügedən tikiş evinin Bakı, Sumqayıt və Xırdalanda 13 filialı fəaliyyət göstərir. Əzimovun sözlərinə görə, dərzilər məktəblilər üçün kifayət qədər geyim tikiblər. Artıq valideynləri sentyabra qədər gözləməməyə və növbələrdə vaxt itirmək üçün indidən məktəbli paltarını almağa səsləyən xüsusi reklam da efirə çıxıb.
"Biz bütün modellərdə və ölçülərdə məktəbli forması tikirik. Ona görə də heç bir defisit problemi yoxdur" — deyə tikiş evinin nümayəndəsi bildirib.
Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar ilk 6 sinif üçün dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır.
Əzimov qeyd edib ki, şayiələrin əksinə olaraq, ASC keyfiyyətli parçalardan istifadə edir. Onun sözlərinə görə, bu materiallar tiftiklənmir və gigiyeniklik sertifikatına malikdir.
"Biz yalnız Türkiyənin "Bossa" şirkətinin məsləhətli parçalarını alırıq. Bu, ən böyük tekstil şirkətlərindən biridir. Onun məhsullarının 85%-i Avropaya ixrac edilir. Eyni zamanda valideynlər indiyə qədər bir dəfə də olsun bu parçalardan tikilən məktəbli formalarının keyfiyyətindən şikayətlənməyiblər" — E. Əzimov qeyd edib.
BTE-nin nümayəndəsi söz verib ki, yeni dərs ilində məktəbli formalarının qiymətlərində dəyişiklik olmayacaq: "Aşağı sinif şagirdləri üçün bir dəstin qiyməti hazırda 40 manat, yuxarı sinif şagirdləri üçünsə 46 manat təşkil edir. Qiymət fərqi onunla əlaqədardır ki, yuxarı sinif şagirdlərinin paltarlarına daha çox parça sərf olunur".
"Bu il məktəbli formalarının modellərində də dəyişiklik olmayacaq. Çünki əks təqdirdə valideynlər ötənilkiləri atıb yenilərini almaq məcburiyyətində qalacaqlar. Hər bir formanı məktəblilər azı 2 il geyinə bilirlər" — ASC təmsilçisi bildirib.
Əzimov onu da bildirib ki, Xırdalan məktəbliləri onların paltarlarını almır və digər istehsalçılara sifariş verirlər: "Ona görə də, Xırdalanda məktəblilər başqa rəngli paltarlar geyinirlər".