BAKI, 3 iyul — Sputnik. Azərbaycanlı iş adamı, "Tern Transport & Trading CZ" şirkətinin baş direktoru Rəşad Qafarov Çexiyanın paytaxtı Praqa şəhərində öz maşınında ölü tapılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Çexiyanın "Nova TV" telekanalı məlumat yayıb.
Biznesmenin qətlə yetirilməsindən hüquq-mühafizə orqanları iyunun 30-da günorta saatlarında xəbər tutub.
Praqa polisi hadisənin başvermə səbəbləri barədə hələlik onlara heç nəyin məlum olmadığını, bu istiqamətdə təhqiqat aparıldığını bildirib. Polis Qafarovun bıçaqla qətlə yetirildiyini qeyd edib.
Azərbaycanın Çexiyadakı səfirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, Rəşad Qafarovun ölümünün səbəbləri hələlik məlum deyil. Amma səfirlik azərbaycanlı biznesmenin qətli ilə bağlı məsələni diqqətdə saxlayır və bu məqsədlə Praqanın müvafiq orqanları ilə təmasdadır. Səfirliyin əməkdaşı Qafarovun Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyevlə ortaq olduğu barədə KİV-də gedən məlumatlara heç bir şərh verə bilməyəcəyini deyib.
Rəşad Qafarovun beynəlxalq yükdaşımalar və logistika biznesi ilə məşğul olduğu bildirilir. Onun iyunun 28-nə qədər Bakıda olduğu da verilən məlumatlar arasındadır.
Onun rəhbəri olduğu "Tern Transport & Trading CZ" şirkəti yerli və beynəlxalq yükdaşımaları, anbarçılıq və gömrükçülük sahəsində tam xidmətlər göstərmək məqsədilə 2008-ci ildə rəsmiləşdirilib.
Regionun logistika, neft və qaz sənayesinə dair yüklərin çatdırılması xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Tern Transport-un Nyu-York (ABŞ), London (Böyük Britaniya), Praqa (Çexiya), Sankt-Peterburq (Rusiya), İstanbul (Türkiyə), Bakı (Azərbaycan) və Dubayda (BƏƏ) strukturları mövcuddur.
Şirkət yük avtomobillərinin şəxsi avtoparkına malik olub və yüklərin daşınmasının konsolidasiyasını təşkil edir.
Yüklərin "qapıdan qapıya" çatdırılması prinsipi ilə işləyən şirkət yüklərin qısamüddətli və uzunmüddətli çatdırılması, idarə olunması, gömrük xidmətləri, başda sığortalama olmaqla bütün zəruri sənədlərin — idxal, ixrac, konsolidasiya və dekonsolidasiya sənədlərinin hazırlanması, başda neft-qaz olmaqla sənayeyə dair məsələlərin həlli, maşınqayırma, səhiyyə, elektronika və ərzaq məhsulları başda olmaqla gündəlik tələbat malları, etiketlərin yapışdırılması, qiymətlərin qeydiyyatı, texniki baxış və digər əlavə xidmətlərin göstərilməsilə məşğul olur.
Tern Transport-un komandası 24/7 qaynar rejimində işləyir.
Rəşad Qafarovun bioqrafiyasında onun əvvəllər "Panalpina" beynəlxalq nəqliyyat və logistika şirkətində işlədiyi göstərilib. Rəşad Qafarovun sonralar bu şirkətdən münaqişə səbəbindən ayrıldığı bildirilib. Sonra bu münaqişə yoluna qoyulsa da, o, şirkətə qayıtmayıb.
Öz sahəsində kifayət qədər tanınmış biznesmen sayılan Rəşad Qafarov artıq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb.
Rəşad Qafarov və Dilara Qafarova Çexiyanın şirkətlər reyestrində TERN Transport & Trading CZ şirkətinin səhmdarları kimi qeyd edilib.
Rəşad Qafarovun facebook səhifəsindəki son mesajı iyunun 28-də yayılıb. O, öz şəklini paylaşıb və iyunun 29-da ona "Allah qorusun səni, Rəşad" yazan facebook istifadəçisinə təşəkkür də edib. İyunun 30-da isə Qafarovu tanıyanlar bu şəklin altında ona rəhmət diləyib və onun səsini duymağa ehtiyac hiss etdiklərini bildiriblər. Biznesmenin qətli ilə bağlı müəmmalar qalmaqdadır. Ölümündən iki gün əvvəl vətəndə olması onu göstərir ki, Qafarov onu yaxından tanıyan və təqib edən şəxs (və ya şəxslər) tərəfindən öldürülüb.
Mərhumun yaxınlarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, Qafarovun özündən sonra iki övladı qalıb. Qohumları Qafarovun Azərbaycanda dəfn ediləcəyini bildiriblər.