İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. Son zamanlar valideynlərin övladlarına qarşı məsuliyyətsizliyi hiss ediləcək qədər artıb. Uşaqlar tərk edilir, küçələrə atılır, baxımsız buraxılır.
İyulun 1-də baş vermiş daha bir hadisə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Ananın 3 azyaşlı övladını (3, 5 və 6 yaşlarında) öz anasının (nənənin) ümidinə buraxaraq, sevdiyi kişiyə qoşulub qaçması hamının diqqətini özünə çəkdi.
Nənə isə uşaqları küçəyə atıb. Sonradan azyaşlılar polis tərəfindən tapılaraq, Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə (AUBUSRM) təhvil verilib. Hazırda uşaqlar nə yaşadıqlarının fərqində deyillər və ümidlə nənələrini gözləyirlər.
AUBUSRM-in koordinatoru Vasif Akifli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ana Kərimova Xəyalə iki qızını və bir oğlunu, bəlkə də keçmiş həyat yoldaşının acığına tərk edib: "Uşaqlar Nəsimi Rayon Polis idarəsinin 20-ci Polis Bölməsi tərəfindən iyul ayının 1-də tapılıblar. İlkin məlumata görə, uşaqlar nənələri tərəfindən küçəyə atılıb. Uşaqların əlində bir qadın çantası var idi. Nənələri verib uşaqlara. Çantada bir parça da çörək olub".
"Uşaqların böyüyündən bu çörəyin niyə orda olduğunu soruşduq. Qız "nənəm verib, mən gələnə qədər yeyin dedi" cavabını verdi. Çantada uşaqların doğum haqqında şəhadətnamələri, uşaqların valideynlərinin rəsmi boşanma haqqında şəhadətnaməsi və uşaqların anası tərədindən verilmiş bir etibarnamə var idi. Etibarnamədə qeyd edilir ki, uşaqlar, nənəsi şənbə-bazar günləri götürmək şərti ilə hansısa bir internat məktəbinə verilə bilər" — koordinatr deyib.
V. Akiflinin sözlərinə görə, uşaqların sənədlərinə nəzər saldıqda, onların Ağsu rayon qeydiyyatında olduqları məlum olub: "Aktlaşdırma və yerləşdirilmə aparıldıqdan sonra Ağsu Rayon Polis Şöbəsinə məlumat verildi. Yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə inspektorla danışıq apardıq, sahə müvəkkili ilə əlaqə saxladıq. Ata-ananın tapılması üçün müraciət etdik".
AUBUSRM təmsilçisinin sözlərinə görə, bu ailənin tarixçəsi polisə bəlli idi: "Nənə qızının itkin düşməsi, kiməsə qoşulub getməsi ilə bağlı dəfələrlə polisə müraciət edibmiş".
"Uşaqların çantasında, ananın bir oğlanla əl-ələ tutduğunu əks etdirən bir şəkil də vardı. Nənə hesab edirmiş ki, qızı bu oğlanla gedib. Amma biz qadının tufeyli həyat yaşadığını düşündüyümüz üçün, kişinin şəklini ictimailəşdirmirik. Ola bilsin ki, ana hazırda həmin kişi ilə deyil. Əgər qadın həmin kişinin yanındadırsa, kişi də başa düşməlidir ki, 3 övladını atıb gedən ana, sabah onu da ata bilər. Çünki övladına sevgi verə bilməyən qadın heç kimi sevə bilməz" — həmsöhbətimiz vurğulayıb.
V. Akiflinin sözlərinə görə, Ağsu Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayıblar: "Habelə, Ağsu Rayon Polis Şöbəsinin rəis müavini ilə danışdıq. Məlum olub ki, valideynlər bir neçə il öncə ayrılıblar. Mən elə düşünürdüm ki, ata uşaqların atılmasından xəbərsizdir. Nikahın 2015-ci ildə pozulduğu göstərilib. Məlum oldu ki, 2015-ci il sentyabr ayında uşaqlar üçün kəsilmiş 90 manat alimenti, ata indiyədək ödəməyib".
"Ata ödəniş etmədiyinə görə, icra məsuliyyətinə cəlb edilib və axtarışdadır. Biz düşünürdük ki, uşaqları ataya verərik. Amma məlum oldu ki, ailədə insanların bir-birilərinə qarşı qərəzləri var. Ata alimenti ödəmədiyinə görə, ana uşaqları atıb. Və ana uşaqları atıb başqası ilə getdiyi üçün, nənə də uşaqlardan imtina edib" — koordinator diqqətə çatdırıb.
Xatırladaq ki, iyulun 1-də Nəsimi rayonu ərazisində 3 azyaşlı uşaq tapılıb. Hazırda uşaqların valideyinləri polis tərəfindən axtarışdadır.