BAKI, 2 iyul — Sputnik. Bakıda soyğunçular metronun yaxınlığında 32 yaşlı kişiyə hücum edərək onu soyublar, özünə isə xəsarət yetiriblər.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyətləri müəyyənləşdirilməyən 4 nəfər metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, F.Ağayev küçəsində İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Muradov Xəyyam Cəlilağa oğluna hücum edib. Zərəzçəkmiş "Report"a bildirib ki, o, metrodan çıxıb F.Ağayev küçəsi ilə hərəkət edərkən tanımadığı 4 nəfər ondan "hörmət" etməsini tələb edib. Lakin X.Muradov onlara pul verməkdən imtina edib.
Belə olduqda həmin şəxslər X.Muradovun baş nahiyəsinə xəsarət yetirərək onun cibindəki 75 manatı götürüblər. Qeyd edək ki, xəsarət almış X.Muradov çoxlu qan itirib.
Zərərçəkmiş yaxınlıqdakı taksi sürücülərinin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun açıq kəllə-beyin travması aldığını bildiriblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.