İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 30 iyun — Sputnik. Məşhur olmaq istəyən Yevlax sakini qeyri-adi üsula əl atıb. O, bunun üçün şahmat oyununda və klassik damada bir sıra dəyişikliklər edib. Sputnik Azərbaycan-ın həmsöhbəti, etdiyi yeniliklərlə şahmat və dama oyununda olan nöqsanları aradan qaldırdığına iddia edir.
Şakir Əliyev 1953-cü ildə Yevlax şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) elektrotexnika ixtisasını bitirib. Uzun illər rayonda televizor təmirçisi kimi çalışıb. Məşhurlaşmaq istəyi onun çox sevdiyi şahmat və dama oyununda dəyişikliklər edərək, yeni oyun yaratmasına səbəb olub.
Yevlax sakini şahmata gətirdiyi yeniliklərlə yaratdığı oyunu "Şahənşah", damada ixtirasını isə "Yevlax daması" adlandırıb. İxtiraçı Sputnik Azərbaycan-a açıqlamasında bu oyunların klassik şahmat və damadan daha ideal olduğunu deyir. Onun sözlərinə görə, "Şahənşah" oyununda simmetriklik, bərabərlik prinsipi şahmata nisbətən daha yüksəkdir.
"Şahmatda eyni fiqurların biri ağ, digəri isə qara xanadadır. Bu da döyüş səhnəsində bərabərlik prinsipini pozur. "Şahənşah"da isə fiqurlar ya ağ, ya da ki, qara xanada yerləşir" – deyir Əliyev.
Şahmatdan fərqli olaraq, "Şahənşah"da 64 deyil, 81 xana var. Xanalar 8x8 deyil, 9x9 formasındadır. Klassik şahmatdan fərqli olaraq şah qara xanada yerləşir. Yeni oyunda şahın bir tərəfində vəzir, digər tərəfində isə vəkil dayanır.
"Şahənşah"da əlavə xana olduğu üçün piyadaların sayı da 9-dur. Bu oyunda şah, toplar və fillər qara, vəzir, vəkil və atlar isə ağ xanada yerləşir. Lövhənin mərkəzində "qızıl xana" yerləşir. Bu xana bütün xanalardan bərabər məsafədə yerləşir və fərqli rəngdə olur. Şahını gətirib "qızı xana"ya qoymağa müvəffəq olan, yəni "qızıl xana"nı fəth edən oyunçu 2:0 hesablı qələbə qazanır. Bu zaman "şahənşah" deyilir.
Oyunun adı da elə buradan götürülüb. Belə ki, oyunun əvvəlində iki şah var idisə, sonradan biri məğlub olur, digəri isə bütün əraziyə (lövhəyə) sahib olur və "şahənşah" adlanır. İxtiraçı, şahmatda olduğu kimi, "Şahənşah"da da "qalaqurma" olduğunu deyir.
Yeni yaratdığı damada da Şakir Əliyev 81 xanalı oyun taxtasından istifadə edir. 28 oyun daşı olan bu damanın mərkəzində qızıl xana yerləşir. Hər rəngdə bir dənə olan xüsusi daşlardan hansı qızıl xanaya çatarsa, o, dama sayılır. İxtiraçı yeni intellektual oyunu yaşadığı şəhərin adı ilə "Yevlax daması" adlandırıb.
Şakir Əliyevin beyin məhsulu olan "Şahənşah" və "Yevlax daması"na yaşadığı rayonda maraq çox olsa da, o, bu oyunu daha geniş dairələrə çıxara bilmir. İdeya müəllifi oyunun insanlar arasında populyar olması üçün dama daşları, şahmat fiqurları, eləcə də xüsusi taxtaları öz vəsaiti hesabına hazırlayır.
Təqaüdçü olan Ş. Əliyev, bu oyunların daha çox tanınması üçün maddi imkanının yol vermədiyini deyir. Gələcəkdə isə bu oyunlar üzrə beynəlxalq və yerli çempionatların keçirilməsini arzulayır.