Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi: xərclərimiz artır

© Sputnik / Murad Orujov100 manatlıq əskinazlar
100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat çoxdur

BAKI, 30 iyun — Sputnik. Parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətləri açıqlayıb.

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan dövlət büdcəsinin kəsiri artırılır

Maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur: "Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək".

Nazirin sözlərinə görə, qanun layihəsində 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat və ya 1,8% çoxdur. Proqnozlaşdırılan əlavə daxilolmalar qeyri-neft sektorunun payına düşür: "Qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur".

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna əsasən, 2017-ci ilin yanvar ayının 1-dən vergi qanunvericiliyinin pozulmasına görə, inzibatçılığın artırılması istiqamətində müəyyən dəyişikliklər edilib. Belə ki, nağd əməliyyatların məhdudlaşdırılması, elektron qaimənin tətbiqi, maliyyə institutları tərəfindən məlumatların verilməməsi, malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyaları müəyyən edilib.

"Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi maliyyə sanksiyalarından daxilolmaların artımını zəruri edib. Bu məqsədlə, vergi orqanları tərəfindən cərimə və sanksiyalar üzrə proqnozun 50 mln. manat artırılması nəzərdə tutulur" — deyə qanun layihəsində qeyd olunub.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların proqnozu 2 mlrd. 250 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 50 mln. manat və ya 2,3% çoxdur.

Layihədə o da qeyd olunub ki, büdcədənkənar gəlirlər üzrə 429 mln. manat vəsaitin daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 76 mln. manat və ya 21,5% çoxdur. Bu daxilolmaların artımına səbəb Vergi Məcəlləsinə əsasən, tətbiq edilən maliyyə sanksiyaları üzrə proqnozun artması, Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması ilə bağlı olub.

Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılması nəzərdə tutulur. Bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9%-ə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5% bənd çox deməkdir.

Milli Məclis - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Büdcənin icrası ilə bağlı nöqsan aşkarlanıb

2017-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,8%-i həcmində və ya 10906,9 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 855,7 mln. manat və ya 8,5% çox), əsaslı xərclərə ümumi xərclərin 30,1%-i həcmində və ya 5392,3 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 185,3 mln. manat və ya 3,6% çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,1%-i həcmində və ya 1641,8 mln. manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.

Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,3% bənd artıb, əsaslı xərclərin xüsusi çəkisi 0,8% bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5% bənd azaldılıb.

2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsində funksional təsnifata uyğun olaraq sosialyönümlü xərc bölmələrinə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5290,9 mln. manat vəsait nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 155,4 mln. manat və ya 3,0% çoxdur.

2016-cı il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Tarif Şurasının müəyyən etdiyi qiymətə əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.

Əhalinin yaşayış səviyyəsinə bilavasitə təsir edən bank sisteminin restrukturizasiyası və dayanıqlılığının təmin edilməsi ilə bağlı həyata keçirilmiş islahat tədbirləri nəticəsində ölkədə əmanətçilərin hüquqlarının qorunması, habelə onların bank sisteminə etibarının gücləndirilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Bununla əlaqədar Maliyyə Sabitliyi Şurasının müvafiq qərarına uyğun olaraq lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Fondun nizamnamə kapitalının 546 mln. manat artırılması nəzərdə tutulub.

2017-ci il yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 mln. manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6% çoxdur. 2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzr qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.

Büdcə təşkilatlarının büdcədənkənar gəlir və xərclərinin artırılması üçün yenidən baxılacaq dövlət büdcəsində əlavə 76 mln. manat (Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər təşkilatlar üzrə) vəsait nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan protokolların, qərarların (qərardadların) hazırlanması və çapı ilə bağlı xərclər üçün ilk dəfə olaraq dövlət büdcəsində 2,5 mln. manat vəsait nəzərdə tutulur. 2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 647 mln. manat və ya təsdiq olunmuş göstəriciyə nisbətən 26,7 mln. manat (4,3%) çox proqnozlaşdırılır.

2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsinin yerli xərcləri 721,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 32,5 mln. manatvə ya 4,7% çoxdur. 2017-ci ildə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan 74,2 mln. manat maliyyə yardımının (dotasiyanın) yerli xərclərin (721,2 mln. manat) tərkibində xüsusi çəkisi 10,3% təşkil ediləcək. Xərclərin artırılmasının əsas səbəbi dövlətə məxsus uşaq bağçalarının saxlanılması xərclərinin tənzimlənməsi, həmçinin şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün maliyyə təminatının yaradılması ilə bağlı olmalıdır.

2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş olunmuş göstəriciyə nisbətən 530 mln. manat artırılaraq 1 mlrd. 175 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,8%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan dövlət büdcəsinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.

Pul - Sputnik Azərbaycan
Prezident büdcə ilə bağlı dəyişiklik etməyə göstəriş verdi

Yenidən baxılacaq 2017-ci ilin icmal büdcəsinin gəlir və xərclərində də müvafiq dəyişikliklər ediləcək. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 3,7% və ya 1 mlrd. 51 mln. manat artırılaraq 29 mlrd. 818,2 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 6 mlrd. 977,3 mln. manat olacaq ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 1 mlrd. 769,2 mln. manat və ya 20,2 faiz azdır. İcmal büdcənin kəsirinin gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 10,5% olacaq ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,7 faiz-bənd azdır. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 17 mlrd. 654,9 mln. manat olmaqla, gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 26,5% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur. İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.

Müzakirələrin sonunda parlament dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib.

Xəbər lenti
0