BAKI, 30 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57910 şagird (IX sinif üzrə 32388, XI sinif üzrə 25522) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb. İyulun 1-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.