CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər ay maaşımızdan tutub "qara gün" üçün pul toplaya bilərlər

© Sputnik / Murad OrujovМужчина прячет деньги в ящик комода, фото из архива
Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İşsizlikdən sığorta fondunun hansı mənbələr hesabına formalaşacağı bəlli deyil

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında yeni "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ilk oxunuşda müzakirə edilərək qəbul olunub. Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında, bunun iş yerini itirənlər üçün sığorta fondunun yaradılması anlamına gəldiyini deyib: "Burada məqsəd odur ki, çalışan iş yerini itirirsə, iş tapana kimi müəyyən sığorta ala bilsin və həmin müddətdə onun yaşayışı sığortalanmış olsun. Bu, xüsusən iş yerini itirmiş və müəyyən müddət işsiz qalan vətəndaşlarımız üçün daha müsbətdir, məqbuldur".

"Çünki vətəndaş iş yerini itirirsə, adətən onun yeni iş tapması müəyyən zaman alır və hazırki qanunvericiliyə əsasən də, həmin işçi işsizlikdən sığortalanmadığı üçün ona ödənişlər həyata keçirilmirdi. Yalnız ən yaxşı halda əmək müqaviləsi varsa, iş yerindən kompensasiya ala bilirdi. Amma həmin kompensasiyanın məbləği də böyük olmadığı üçün uzun müddətli, bir neçə ay üçün yetərli deyildi" — ekspert bildirib.

Onun sözlərin görə, bu baxımdan işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması müsbət haldır: "Çünki bu, iş yerini itirənlərin işsiz qaldıqdan sonra sığortalanması və ay ərzində müəyyən məbləğ əldə etməsinə gətirib çıxardacaq. Burada çox önəmlidir ki, sığorta fondu hansı vəsait hesabına formalaşacaq, şirkət, yəni, sahibkar, işəgötürən həmin fond üzrə ödənişlər edəcək, yoxsa işçinin əmək haqqından həmin vəsaitlər çıxılacaq".

V. Bayramovun fikrincə, bu fondun yaradılması və fonda ödənişlər elə məqbul olmalıdır ki, işəgötürən, sahibkar üçün hər hansı bir ağırlıq yaratmasın və sahibkar əmək müqaviləsi bağlamamaqda maraqlı olmasın: "Çünki bəzi hallarda ödənişlərin çox olması sahibkarın əmək müqaviləsi bağlamasına stimul yaratmır. Sahibkar düşünür ki, əmək müqaviləsi bağlayarsa, müqavilə ilə işə götürərsə, o zaman ödənişlər edəcək və bəzi hallarda ödənişlərin məbləği çoxdur. Nəticədə sahibkar maraqlı olur ki, qeyri-leqal, əmək müqaviləsi olmadan və ya xidməti müqavilə ilə işçiləri cəlb etsin. Bu da həmin işçilərin əmək hüquqlarının qorunması baxımından arzuolunan deyil".

© © KarikaturaQaragün
Qaragün - Sputnik Azərbaycan
Qaragün

Bununla belə, iqtisadçı hesab edir ki, işçinin əmək haqqından çıxılacaqsa, bu, işçi üçün əlavə xərcdir və işçinin aylıq gəlirinin azalmasına gətirib çıxardır: "O baxımdan sığorta fondunun hansı mənbədən formalaşacağı çox önəmlidir. Fond elə formalaşmalıdır ki, nəticə etibarı ilə sahibkarın qeyri-leqal şəkildə işçilər cəlb etməsini stimullaşdırmasın. Eyni zamanda, işçilərin aylıq gəlirinə təsir göstərməsin, onların aylıq gəlirinin azalmasına səbəb olmasın".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Sığorta fondunun yaradılması müsbət haldır, amma maliyyə mənbələrinin doğru seçilməsinə və düzgün olaraq maliyyə mənbələrinin formalaşmasına ehtiyac var ki, bu, sahibkarlar və işçilər üçün əlavə böyük xərclər yaratmasın" – deyə o bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dünyada standart qəbul olunmuş tipik əmək müqaviləsi anlayışı yoxdur: "Əmək müqaviləsi müxtəlif şərtlərlə işəgötürənlə işçi arasında münasibətləri tənzimləyən bir sənəddir. Ümumiyyətlə, Azərbaycanda problem odur ki, əmək müqaviləsi geniş yayılmayıb və rəsmi əmək müqaviləsinin bağlanması praktikası çox aşağı səviyyədədir. Əmək müqaviləsi olmadığına görə də sonradan işəgötürənlə işçi arasında konflikt yarananda, çox zaman işəgötürən haqlı çıxır, məsələ işçinin zərərinə həll olunur".

Onun sözlərinə görə, bu qanun layihəsinin müsbət tərəfi odur ki, işçilər əmək müqaviləsinin bağlanmasında, tələb edilməsində, müqavilədə işə xitam vermənin şərtləri haqqında müddəaların yer almasında maraqlı olacaqlar: "Ümid edirəm ki, bu, ən azından tipik, formal bir formaya çevrilməyəcək. Ümumiyyətlə, müqavilələrin tərtibi, işsizliyə dair sığortanın ödənilmə qaydaları ilə bağlı qanundan əlavə bir davranış qaydalarının da formalaşmasında yarar var. Amerikada, Avropada olduğu kimi, hər bir işçinin və yaxud ailənin öz ailə vəkilinin, hüquqşünasının olması da yaxşı olardı".

"Çünki çox zaman Azərbaycanda əmək müqavilələri bağlanarkən işçilərin hüquqları ikinci planda qalır. Çox zaman işçilər müqavilələri oxumadan imzalayırlar və yaxud da ümumiyyətlə, müqavilə bağlamadan işləyirlər. Bu da kompensasiyanın ödənilməsi ilə bağlı ciddi problemlər yaradır. Qanun layihəsi bu anlamda müsbətdir" — Cəfərli vurğulayıb.

Beynəlxalq təcrübədən danışan ekspert bildirib ki, Amerikada tipik müqavilələr yoxdur, şəxsi və fərdi müqavilələr var: "Hər bir ailənin və yaxud da şəxsin öz hüquqşünası var. Müqavilə tərəflərin şərtlərinə uyğun tərtib olunur və ciddi kompensasiyalar nəzərdə tutulur. Bu təcrübə Azərbaycanda da tətbiq olunacaqsa, çox yaxşıdır. Amma sığorta fondunun formalaşmasının yükü ya vətəndaşın, ya işəgötürənin üzərində qalacaqsa, burada problemlər yaşana bilər. Ona görə də qanundan daha çox onun praktikası, həyata keçirilmə qaydaları daha önəmlidir".

Qeyd edək ki, qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xəbər lenti
0