BAKI, 23 iyun — Sputnik. 2017-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, proqnozlara görə, Azərbaycanda 2017-ci il üçün real inflyasiya təxminən 15 faiz həddində olacaq: "Böyük ehtimalla növbəti aylarda, xüsusilə iyul, avqust aylarında inflyasiya səviyyəsində azalma baş verəcək. Amma sentyabr ayından etibarən inflyasiya səviyyəsində artımlar yenə də davam edəcək və ümumi illik inflyasiya səviyyəsi təxminən 15 faiz həddində olacaq".
Onun fikrincə, bu da təbii bir prosesdir: "Çünki əvvəlki dövrlərdə faktiki olaraq bazar devalvasiyanı tam qiymətləndirə bilməyib. Bu səbəbdən də qiymətlər real səviyyəyə qədər artmırdı. Hazırda isə məzənnədə yaranmış nisbətən sabitlik imkan verir ki, şirkətlər faktiki olaraq qiymət siyasətinin tarazlaşması istiqamətində müəyyən addımlar ata bilsin".
"Faktiki olaraq növbəti aylarda məzənnənin hansı istiqamətdə dinamika nümayiş etdirəcəyi bu gün bazar iştirakçıları tərəfindən tam qiymətləndirilə bilmir və müəyyən risklər var. Bu risklər fonunda ola bilsin ki, yenidən məzənnə dəyişikliyi baş versin və manat dəyərini itirsin. Bu zaman faktiki olaraq bazarda həyata keçirilən qiymət siyasətinin qısa müddətli dəyişdirilməsinin mənfi hallarından qorunmaq üçün şirkətlər əhalinin uyğunlaşdığı indiki qiymətləri qoruyub saxlamağa üstünlük verir" — ekspert bildirib.
Digər tərəfdən, R. Həsənova görə, devalvasiyanı bazar tam qiymətləndirə bilməyib: "Devalvasiya, təxminən manatın 54 faizədək ucuzlaşmasını şərtləndirib. Amma əvəzində biz bazarlarda, yəni, əksər məhsullarda qiymətin bu səviyyələrədək artımını görə bilmirik. Bunun da səbəbi o idi ki, alıcılıq kifayət qədər məhdud idi, eyni zamanda, inzibati üsullarla müəyyən qədər təsirlər var idi və s. Hazırda isə imkan yaranıb və yaranmış vəziyyəti bazar iştirakçıları dəyərləndirir. O baxımdan da qiymətlərdə ucuzlaşma baş vermir".
İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ilin sonuna yaxın inflyasiyanın səviyyəsi arta bilər: "Gözlənilən odur ki, ilin sonuna, adətən Maliyyə Nazirliyi büdcə xərclərini daha intensiv işlətməyə başlayır və pul kütləsi də artır. Bu da istər-istəməz inflyasiyaya müəyyən təzyiqlər göstərir".
Qeyd edək ki, statistik məlumatlara görə, cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşıb. May ayı ərzində düyünün, kərə yağının, pendirin, meyvə şirəsinin, spirtli içkilərin, qəhvə, çay və kakaonun, soğanın, kartofun, yerkökünün, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, tütün məmulatlarının, pomidorun, xiyarın, göyərtinin, kələmin, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.