BAKI, 27 iyun — Sputnik. Böyük Britaniya kraliçası II Yelizaveta gələn ilin aprel ayında başlayacaq 2018-2019-cu maliyyə ilində 82,2 mln. funt sterlinq, yəni təxminən 105 mln. dollar pul qazanacaq.
“Report” xəbər verir ki, bu barədə The Daily Telegraph” nəşri yazıb.
Qəzetin məlumatına görə, bu, 2017-2018-ci maliyyə ili ilə müqayisədə 2 dəfə çoxdur. Kəskin artıma səbəb kimi kraliçanın əmlakının idarə edilməsi ilə məşğul olan “Crown Estate” şirkətinin uğurlu fəaliyyəti, eləcə də dövlət büdcəsindən II Yelizavetanın qaldığı Bukingem sarayının təmirinə ayrılacaq xərclərin yaxın 10 il ərzində 15-25% artırılacağı göstərilir. İlkin qiymətləndirmələrə görə, 2017-2027-ci illərdə sarayın restavrasiyası da daxil olmaqla görüləcək işlər Britaniya büdcəsinə 369 mln. funt sterlinqə (təxminən 470 mln. dollara) başa gələcək.