BAKI, 27 iyun — Sputnik. İspaniyada baş verən meşə yanğınları nəticəsində iki min nəfər evini tərk edib.
Sputnik Azərbaycan “Milliyet”ə istinadla xəbər verir ki, İspaniyanın cənub-qərbindəki Moguer bölgəsi ətrafında iki gündür davam edən meşə yanğınları nəticəsində 2 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Külək və isti havanın təsiriylə sürətlə yayılan yanğına görə ətrafdakı bəzi yolları bağlanılıb, Matalascanas məskunlaşma bölgəsində olan təxminən 50 min nəfərin səyahət etməsinə icazə verilməyib.
Bölgədə yaşayan vətəndaşlara və turistlərə tüstüdən təsirlənməmək üçün çölə çıxmamaları və pəncərələrini açmamaları tövsiyə edilib.
Xilasetmə işlərinə hərbçilər də qatılıb.
Hökumət rəsmiləri yanğın səbəbiylə 1 nömrəli həyəcana keçdiklərini söyləyib.
İlkin məlumatlara görə yanğının insani səbəblərdən baş verdiyi açıqlanıb.