Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 25 iyun — Sputnik. Astara rayonu ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Qədim tarixə və zəngin mədəniyyətə malik Astara ərazisində qədim zamanlardan əkinçilik və sənətkarlıq inkişaf edib.
Bu ərazidə, əsasən də çəltikçilik və çayçılıq geniş yayılıb. Sahələrə çəltik və çay əkin-biçininə gedən kəndlilərin dilindən heç zaman əməksevərliyi tərənnüm edən xalq mahnıları əskik olmayıb.
Rayonun Kakalos kəndində uzun illər mədəniyyət sahəsində çalışan Fərbiyə Şabanova, bu mahnıları və rəqsləri yaşatmaq üçün "Əvəsor Xalq Kollektivi"ni yaradıb. Fərbiyə xanım ilk dəfə 1964-cü ildə bu ideyanı həyata keçirib.
"O vaxt mən hələ Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni Maarif fakültəsində qiyabi oxuyarkən və rayonumuzun Balaca Şahağacı kəndinin 8 illik natamam orta məktəbində işləyərkən, bir rəqs qrupu yaratdım. Yaratdığım kollektivə o vaxt hələ ad verməmişdim və ilk olaraq elə işlədiyim Balaca Şahağacı kənd məktəbində "Üç gül" xalq rəqsini hazırlayıb təqdim etdik" – Sputnik Azərbaycan-ın müsahibi deyir.
O, 1970-ci ildə Astara Rayon Pionerlər Evinə direktor vəzifəsinə təyin edilib: "Rayonun özündə işləsəm də, kollektivimin məşqlərinə və hazırladıqları rəqslərə daim nəzarət edirdim. Elə həmin vaxtdan rəhmətlik anamdan öyrəndiyim talış və Azərbaycan xalq mahnılarını, bayatıları, əmək nəğmələrini və s. kollektivin repertuarına daxil etdim".
Fərbiyə xanımın yaratdığı kollektiv 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır: "Bundan sonra kollektivimiz həm region, həm də paytaxtda təşkil edilən azsaylı xalqların festivallarında iştirak etməyə başladı. Müstəqillik qazanandan sonra isə, 1994-95-ci illərdə iki dəfə Mədəniyyət Nazirliyi tərəfindən qardaş Türkiyədə keçirilən festivala göndərildik. Biri Kocaelidə, digəri isə paytaxt Ankarada keçirildi".
"2000-ci ildə Mədəniyyət Nazirliyinin əmrinə əsasən, "Əvəsor Folklor Kollektivi"nin adı dəyişdirilərək "Əvəsor Xalq Kollektivi" oldu" — əlavə edir həmsöhbətimiz.
Qeyd edək ki, hazırda kollektivdə 2 yaş qrupu var. 1-ci yaş qrupunda 7-13, 2-ci yaş qrupunda isə 14-40 yaş arası üzvlər fəaliyyət göstərir. Onu da əlavə edək ki, Fərbiyə xanım bütün tədbir və rəqslər üçün kollektivin istifadə etdiyi geyimləri özü tikib.