İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 21 iyun — Sputnik. Məhəmməd Məmmədxanov Qəbələ rayonunun Kürd kəndindəndir. Qəbələ-Ağdaş yolunun kənarında, "Palantökən" deyilən ərazidə çayxana işlədir. Onu başqalarından fərqləndirən bir cəhəti var. Belə ki, Məmmədxanov heç kimin cürət etmədiyi işin öhdəsindən gəlir.
Qəhrəmanımız dünyanın ən təhlükəli ilanları sırasında olan Qafqaz qara gürzəsi ilə oynayır və sürünəni qıcıqlandırmaq üçüm müxtəlif hərəkətlər edir. Kənardan baxan insanların diqqətini çəkən bu hərəkətlər, əslində ilanla davranmağı bacarmayan biri üçün olduqca təhlükəlidir. Ancaq Məhəmmədin ilanlarla bağlı heç bir qorxusu yoxdur və onlarla davranış qaydasını bilir.
Dediyinə görə, illər boyu müxtəlif görünüşlü, ölçülü, fərqli növlərdən olan ilanlarla qarşılaşıb. Hamısı ilə də "yola getməyi" bacarıb.
Həmsöhbət olduğumu əsnada, qəfildən əlindəki ilan Məhəmmədi sancmağa cəhd etdi, hətta əlini yüngülcə yaralamağı da bacardı. Lakin, oğlanın çevikliyi nəticəsində ilanın həmləsinin qarşısı alındı.