Tarixçi-alim, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Natiq Məmmədzadə Sputnik Azərbaycana bildirib ki, 1918-ci ildə baş vermiş hadisələr Azərbaycan xalqının tarixində tale yüklü rol oynayıb: “Azərbaycan dövləti quruldu. Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələ isə silahlı qüvvələrin və ordunun yaradılması idi. Bu ilk növbədə onunla bağlı idi ki, AXC yarandığı ilk gündən müxtəlif xarici təhdidlərin təzyiqi altında idi”.
“Ordu quruculuğu prosesinin ilk hadisəsi Əlahiddə Azərbaycan Korpusunun yaradılması oldu ki, onun da başında general Əlağa Şıxlinski durdu. Bundan sonra bir neçə atlı və artilleriya diviziyaları yaradıldı. Qısa bir müddət ərzində AXC-nin kifayət qədər döyüşkən və güclü ordusu yaradılmışdı. Təsadüfi deyil ki, artıq Qarabağ müharibəsinin gedişində Azərbaycan qalib çıxmışdı” — deyə Natiq Məmmədzadə qeyd edib.