BAKI, 22 iyun — Sputnik. Rusiya Dövlət Duması bu gün deputatların müzakirəsinə təqdim etmək üçün, Moskva ətrafında altı yaşlı oğlanın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı obyektiv vəziyyəti protokol qaydada hazırlayıb. Sputnik Azərbaycan Rusiya KİV-lərnə istinadla xəbər verir ki, bunu Duma sədrinin birinci müavini İvan Melnikov bildirib.
"Moskva ətrafında altı yaşlı oğlanla bağlı məsələ də gündəlikdədir. Bu mövzu da iclasda müzakirə ediləcək. RLDP-nin baş vermiş hadisə ilə bağlı protokol qaydada obyektiv informasiyanın hazırlanaraq müzakirəyə çıxarılması barədə təklifini bütün fraksiyalar qəbul edib" — deyə Melnikov jurnalistlərə bildirib.
O, həmçinin qeyd ki, hazırda parlament fraksiyaları bu məsələyə heç bir qiymət verməyib: "Biz bu hadisə ilə bağlı operativ informasiya almaq istəyirik ki, bizim uyğun komitəmiz gələcək hadisələrin inkişafını öz nəzarəti altına ala bilsin".
Bu rezonans doğuran yol-nəqliyyat hadisəsi, əslində aprelin 23-də baş verib. Xarici markalı maşının sükanı arxasında əyləşən, 31 yaşlı yerli qadın 6 yaşlı oğlanı vurub. Nəticədə oğlan ölüb. İlkin ekspertizanın nəticələrinə görə, oğlanın qanında güclü zəhərlənməyə səbəb olan etil spirti konsentrasiyası tapılıb.
Bu ekspert rəyinin nəticələri ilə bağlı səhlənkarlığa görə cinayət işi qaldırılıb. Ötən gün isə təkrar ekspertiza ilkin ekspertizanın rəyini təsdiqləyib. Bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev məlumat verib.
İstintaq müəyyən edib ki, Balaşixada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş 6 yaşlı oğlan sərxoş olub. Molekulyar-genetik ekspertizanın oğlanın hadisə yerindən götürülmüş qan nümunələrinin analizinin nəticələrinə görə, onun qanında alkoqol tapılıb. İstintaq Komitəsi də maşınla vurulmuş uşağın sərxoş olduğunu təsdiqləyib. Onun maşının salonundan götürülmüş qan nümunələrində də alkoqol tapılıb.
Hazırda istintaq müəyyən etməyə çalışır ki, uşağın qanında bu qədər yüksək dozada alkoqol haradan əmələ gəlib və o, hansı şəraitdə alkoqolu qəbul edib. Bu hadisəni DİN rəhbəri şəxsi nəzarətində saxlayır. Nazir bildirib ki, ekspertlər qanın 99,9% ölmüş uşağa məxsus olduğundan əmindirlər.
Hadisə baş verən gün uşaq babası ilə birlikdə axşam saat 18:30-da gəzintidən qayıdırmış və bu zaman yüksək sürətlə gələn "Hyundai Solaris" markalı avtomobil tərəfindən vurulub. Maşın çoxmərtəbəli binanın ətrafındakı parklama yerinə gedirkən oğlanı vurub və 10 metr məsafədə sürüyüb.
"Mən dəhşətli qışqırıq səsi eşitdim. Pəncərədən baxdım ki, baba isterika içində maşının həndəvərində fırlanır. Dərhal küçəyə çıxdım. Arxa təkərlərin altında uşaq tərpənirdi. Bütün bədəni tanınmaz hala düşmüşdü. Ən çox başı və qarnı zədələnmişdi. Şok, dəhşət, bilmirəm, bu mənzərəyə başqa nə demək olar. Biz onu maşının altından çıxaranda o, hələ yaşayırdı. Biz qadın sürücüdən təcili yardım çağırmağı xahiş etdik. Amma o, heç bir reaksiya vermədi və digər tərəfə gedərək kiməsə zəng etdi" — deyə hadisənin şahidi Roman bildirib.
On dəqiqə keçəndən sonra təcili yardımın reanimasiya briqadası gəlib. Tibb işçilərinə yalnız uşağın ölüm faktını qeydə almaq qalıb. Oğlan kəllə sümüyünün sınığı nəticəsində baş beynin zədələnməsi səbəbindən ölüb. İlkin ekspertiza ölən uşağın qanından etil spirti konsentrasiyası tapıb ki, bu da güclü dərəcədə sərxoşluğun əlamətidir.
Söhbət 2,7 promilli alkoqoldan gedir. Bu, bir butulka araq deməkdir. Uşaqlar üçün ölümcül doza qanda 3-4 promilli sayılır. Belə yüksək spirt konsentrasiyası ilə heç böyük adam özünü idarə edə və ayaq üstə dura bilməz. Fermentasiya sistemi tam formalaşmamış altı yaşlı uşaq üçün bu, ölümcül dozadır.
Ekspertlərin rəyi çoxlu suallar doğurduğundan, onlarla bağlı "Səhlənkarlıq" maddəsi ilə cinayət işi açılıb. Uşağı vuran sürücü də "Ehtiyatsızlıqdan adam ölümünə səbəb olma" maddəsi ilə istintaqa cəlb olunub.
Mərhumun ailəsi təkrar ekspertiza üçün müraciət edib. Onlar bildiriblər ki, istintaqın getdiyi bir ay ərzində şahidlərə təzyiq göstərilib və sübutların bir hissəsi məhv edilib. Oğlanın cəsədini 3 gündən sonra basdırıblar, təkrar tədqiqat üçün cəsəd eksqumasiya edilib.
Ölən uşağın atası bildirib ki, o, uşağının qanında spirtin olmasına inanmır. "Alkoqolu ölü uşağın ciyərinə vura bilərdilər" — deyə uşağın atası təkrar ekspertizanın nəticələrinə münasibət bildirərkən deyib.
Moskva ombudsmanı Yekaterina Semyonova deyib ki, oğlan orta statistik ailədə, normal ev şəraitində böyüyüb. Oğlanın valideynlərində və ətrafında alkoqoldan hər hansı asılılıq əlamətləri müşahidə edilməyib.
Ombudsmanın sözlərinə görə, uşaq ağır mühitdə tərbiyə olunmayıb. Onun qardaşı ilə yaxşı əlaqəsi olub. "Ailə şəraitini qənaətbəxş qiymətləndirmək olar" — deyə Semyonova bildirib.
O, qeyd edib ki, oğlanın içki içməsi üçün heç bir imkan ola bilməzdi, çünki o, həmişə yaxınlarının nəzarətində olub. Semyonova uşağın həmin vaxt ona alkoqol verə biləcək hansısa yad adamların əhatəsinə düşə biləcəyini də qətiyyətlə istisna edib.
Millətin Sağlamlığı İnstitutunun direktoru, narkoloq Oleq Zıkov da məsələyə münasibət bildirib: "Doğrudur, Rusiyada ildə 5-6 azyaşlı uşaq artıq doza alkoqol qəbulu diaqnozu ilə reanimasiyaya düşür. Amma 6 yaşlı uşağın qanında 2,7 promilli alkoqolun olması nonsensdir".
Avtoqəzada həlak olan azyaşlı uşağın qanından öldürücü dozada alkoqolun tapılması barədə ekspert rəyi bütün Rusiyanı silkələyib. Doğrudanmı, 6 yaşlı uşaq 1 şüşə araq içib? Onu vuran avtomobilin sürücüsü nə üçün ilk öncə təcili yardıma deyil, hansısa tanışına zəng edib? Avtoqəzada ölən uşağın qanından alkoqolun tapılması ideyasının müəllifi (yaxud müəllifləri) kimdir? Onlar nəyin qarşılığında belə bir addım atıblar? Bəlkə uşağın bədəninə alkoqol qəzadan sonra yeridilib? Lap uşağın qanında alkoqol olmuş olsa belə, onu vuran qadın cinayət məsuliyyətindən yaxasını qurtara biləcəkmi? Bu hadisədən sonra Rusiyanın məhkəmə tibbi ekspertizasına nə dərəcədə inanmaq olar?
Bir sözlə, bu məsələ ilə bağlı çoxlu cavabsız suallar var. Və hamı kimi Vladimir Jirinovskinin də partiyası (RLDP) bu suallara doğru cavabların tapılmasını istəyir. Və məsələ bu gün Dumada müzakirəyə çıxarılacaq.