BAKI, 21 iyun — Sputnik. Son zamanlar Bakı və Xırdalanda ipoteka kreditində olan mənzillər ya şirkətə geri qaytarılır, ya da satışa çıxarılır. Səbəb isə insanların ipoteka kreditlərini verə bilməməsidir. Bu proses günü-gündən genişlənir. Sputnik Azərbaycan yaranmış vəziyyətin mənzil bazarına necə təsir edəcəyini mütəxəssislərdən soruşub.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, dövlət ipotekasında faiz göstəriciləri aşağı olduğu üçün burada elə də problem yaranacağını düşünmür: "Amma özəl şirkətlərin reklamlar sayəsində vətəndaşlara baha qiymətə satdığı evlərin kreditinin vaxtında verilməməsi normal haldır. Eyni zamanda, bu məsələnin kütləviləşdiyini düşünmürəm. Məsələ ciddi şəkil alarsa, o zaman mənzil bazarına təsir edə bilər. Hal-hazırda əmlak bazarında heç də ciddi təsir göstərməyəcək".
Maliyyə məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənov isə deyib ki, baş verənlər gözlənilən idi və daşınmaz əmlakın qiymətini daha da endirəcək: "Bu da təbii haldır. Əhalinin gəlirlərinin azalması, işsizlik kredit borclarının vaxtında verilməməsinə səbəb olur və bu da mənzillərin ya satılmasına, ya da şirkət tərəfindən geri alınmasına gətirib çıxarır".
"Eyni zamanda, xaricdən gələn valyuta azalıb, bu da evlərin qiymətlərinə təsir edir. Son illərdə evlərin qiyməti həddindən artıq baha qiymətə satılırdı. Amma son zamanlar alıcı qüvvəsi azaldıqca, mənzillərin qiymətləri ucuzlaşır və bu proses yaxın 2 ildə də davam edəcək və indiki qiymətlərdən də ucuz olacaq. Hətta, nəinki evlərin, eyni zamanda torpağın da qiyməti düşəcək" — Ə. Həsənov vurğulayıb.
"Xüsusilə, məhkəmə yolu ilə banklar tərəfindən müsadirə edilən mənzillərin hərraca çıxarılması qiymətləri aşağı salacaq. İstənilən halda mənzillərin qiymətinin ucuzlaşması qaçılmaz haldır" — deyə o, əlavə edib.
Əmlak eksperti Nüsrət İbrahimov isə qeyd edib ki, yazılanlar şayiədən başqa bir şey deyil: "Saytların yazdıqları xəbər düzgün deyil. Bizdə belə məlumat yoxdur. Ola bilər ki, bir qisim şəxs mənzilini satsın. Bu, həmişə olub və normal haldır. Bunun da baş verməsi mənzil bazarına təsir göstərməyəcək. Hətta onu da deyim ki, may ayının yekunlarına görə mənzil bazarında 3.81 faiz bahalaşma olub".