BAKI, 22 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:
15.1.3-1-ci maddə əlavə edilib: "Tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktlar".
51-ci maddədə "fəsildə" sözü "Məcəllənin 15.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında" sözləri ilə əvəz edilib, 52.1-ci maddə isə ləğv olunub.
52.3-cü maddədə "sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydaları, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir" sözləri "sertifikatları "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir" sözləri ilə əvəz edilib.
60.1-ci maddə aşağıdakı redaksiyada verilib: "Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir".