BAKI, 22 iyun — Sputnik. ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyənin milli müdafiə naziri Fikri İşık-a göndərdiyi məktubda PKK-nın Suriyadakı qolu olan YPG-yə verilən vəsait və avadanlıq ilə bağlı məlumat verib.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Ceyms Mettis ABŞ ilə Türkiyənin strateji tərəfdaş olduğunu vurğulayıb.
Milli müdafiə nazirinin daha əvvəl Türkiyənin təhlükəsizliyinə dair dilə gətirdiyi narahatlıqlar ilə bağlı qərarlı tədbirlər gördüklərini vurğulayan Ceyms Mettis YPG-yə verilən materialların siyahılarının hər ay nizamlı olaraq Türkiyə ilə paylaşılacağını qeyd edib.
ABŞ-ın müdafiə naziri may ayının sonunda YPG-nin təchizatla təmin edilməsinin məqsədinin Raqqanın təcrid edilməsi və ələ keçirilməsi olduğuna işarə edib.
İŞİD-in məğlub edilməsindən sonra silahların geri alınacağını bildirən Mettis ayrıca paylanan silahların yalnız Suriya sahəsində qalmasını təmin etmək üçün Amerikalı məsləhətçilərin burada çalışdıqlarını bildirib.
Türkiyə ilə planlı iş və şəffaflıq əsasında hər cür məlumat paylaşımının nizamlı olaraq ediləcəyi zəmanətini verən Mettis Rakkanı əldə tutacaq qüvvələrin ərəblərdən təşkil edəcəklərini, bu şəhəri ələ keçirənlərin də 80 faizinin ərəblər olacağını qeyd edib.
İŞİD-i məğlub etmək üçün bu sahədə YPG ilə məcburi bir iş birliklərinin olduğunu deyən Mettis məktubda milli müdafiə naziri ilə gələcək həftə Brüsseldə bir daha görüşməyi arzuladığını söyləyib.