BAKI, 22 iyun — Sputnik. Son zamanlar regionda baş verən siyasi, hərbi proseslər dondurulmuş münaqişələrin yenidən alovlana biləcəyini istisna etmir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da hərbi variantın mümkünlüyü çağırışları eşidilməkdədir.
Münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparan ATƏT-in Minsk Qrupu hələ ki ciddi bir nəticə əldə edə bilməyib. Odur ki, zaman-zaman Minsk qrupundan imtina və ya formatının dəyişdirilməsi məsələləri gündəmə gətirilir və daha çox Türkiyənin adı hallanır. Ankaranın bölgədə artan nüfuzu belə bir sual yaradır: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas fiqura çevrilə bilərmi?
Nəzərə alsaq ki, Türkiyə, ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq öhdəlikləri var, adıçəkilən ölkələr Minsk Qrupunun üzvləridir, hətta Vaşinqton, Paris və Moskva həmsədridir, bu suala müsbət cavab vermək mümkündür. Digər tərəfdən, Rusiyadan fərqli olaraq, Türkiyə münaqişənin həllində maraqlıdır. Ən azı ona görə ki, Qarabağda hərbi əməliyyatlar bərpa edilərsə, prosesə bu və ya digər baxımdan Ankara da qatılmış olacaq. Bu isə Ankara-Moskva qarşıdurması ilə başa çata bilər. Türkiyə isə bunda maraqlı deyil.
Türkiyə münaqişənin həllində dinc vasitələrin işə salınmasına çalışır. Eyni zamanda, Türkiyə qlobal layihələrə cəlb olunub və enerjidaşıyıcılarına malik olmadığından tranzit ölkə kimi aparıcı rol alır. Bu baxımdan, Cənubi Qafqazda hərbi münaqişənin başlaması Ankaranın maraqlarını zərbə altına qoya bilər.
Beləliklə, Türkiyə münaqişənin həllində maraqlıdır. Sözsüz ki, Türkiyə-Ermənistan danışıqlarında bu və ya digər dərəcədə Qarabağ məsələsi müzakirə olunur. Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə bəyan edib ki, Ankaranın İrəvanla münasibətlərinin qaydaya salmasının ilkin şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərə bilər. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin.
Lakin problem yalnız Qarabağla bağlı deyil. Türkiyənin özünün Ermənistanla münasibətlərdə həllini tapmamış ciddi problemləri var. Bu sıraya "soyqırım" və Türkiyəyə qarşı ermənilərin ərazi iddiaları daxildir. Ankara öz maraqları çərçivəsində həmin problemləri həll edə bilsəydi, pozitiv bir məqam ola və Qarabağ probleminin də həllinə pozitiv təsir göstərə bilərdi.
Nəzərə almaq lazımdır ki, Türkiyənin indiki hakimiyyəti öncəki xarici siyasət vektorunda ciddi dəyişikliklər edir. Ankara sanki Qərbdən uzaqlaşır. Türkiyənin Avropa Birliyinə qəbulu prosesi uzadılır, üzvlük perspektivi real sayılmır.
Qərbdən uzaqlaşan Türkiyə həm də islam dünyasına yaxınlaşır. İslam dünyasının liderinə çevrilmək cəhdlərində bulunan Ankara, Azərbaycanla münasibətlərinə yetərincə qiymət vermir. İranla müqayisədə Türkiyə Bakı ilə ilişgilərinə daha çox emosional çalarlar qatır. Bu baxımdan, Ankara və Bakı münasibətlərindəki yaxınlığın qanunverici bazası da hazırlanmalıdır…