CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi xırda xətanı nazir səviyyəsinə necə qaldırdı?

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sanki qəsdən qadağanedici nişanlarla insanlarda narazılıq yaratmaq istəyirlər

BAKI, 20 iyun — Sputnik. Tanınmış ictimai-siyasi xadim, Xalq Hərəkatının fəallarından olmuş, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli, Dövlət Yol Polisi (DYP) əməkdaşı tərəfindən üzləşdiyi haqsızlığı qələmə alıb. Sputnik Azərbaycan həmin yazını olduğu kimi təqdim edir:

Yenə də daxili işlər naziri cənab Ramil Usubova müraciət etmək zorunda qoydular… Heç də aciz insan deyiləm. Ancaq ictimai və dövlət əhəmiyyətli məsələlərə biganə olmamağı tələb edir. Ramil müəllim isə digər nazirlərdən fərqli olaraq belə hallarda çox diqqətli davranaraq lazımi ölçü götürülməsini tapşırır. Kimsə şübhə ilə yanaşa bilər. Ancaq media nümayəndələri cənab nazirin bu kimi hallarda necə qətiyyət göstərdiyini yaxşı bilirlər.

© Photo : PUBLIC DOMAINAydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli
Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli - Sputnik Azərbaycan
Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli

Polis sıralarında yetərincə qəhrəman oğul və qızlarımız çalışdığı kimi, yarıtmazlığını, orqanlara xələl gətirməyini gizlətməyi "bacaranlar" da az deyil… Ümid edirəm, Ramil müəllim vətəndaşla kobud rəftar edən polisləri lazımi qaydada tənbeh edəcək.

Mənim aldığım ailə tərbiyəm və təhsilim sayəsində hər zaman ədalətli və ədəbli olmağa çalışmışam. İstər dövləti vəzifəmdə çalışdığım, istərsə də ictimai – siyasi fəaliyyətim zamanı ədəb və qanun normalarından kənara çıxmamaq kimi bir prinsipim olub. Heç zaman insanlara yuxarıdan aşağı baxmamışam. Tanıyanlar şəxsi keyfiyyətlərimi daha yaxşı bilərlər.

Bunları deməklə özümü tərifləmiş olmayım. Ancaq oxucuların bilməsi üçün demək istəyirəm ki, alçaqkönüllü olmaq üçün özümü yetəri qədər tərbiyələndirə bilmişəm. (Hətta, Qarabağ savaşının başlanğıcında universitetdə dərslərimi dayandırıb döyüşə gedərkən də düşməni belə öldürəcəyim və ya əsir alacağım halda meyitini, eyni zamanda əsiri təhqir etməyəcəyimə dair özümə söz vermişdim. Bir dəfə də belə bir hərəkətə görə döyüşçü dostlarımdan biri ilə mübahisəmizi xatırlayanlar var).

Yuxarıda mövzuya giriş kimi yazdıqlarımın bir "mustafası" da var. Bir neçə gün əvvəl – 15 iyun tarixində evimdən çıxıb, yenicə ailə qurmuş qızım Banuçıçəkgili ziyarətə gedərkən, yolüstü bir tort almaq qərarı verdik. Digər qızım Selcanla bərabər yolumuzun üzərində olduğundan, Yusif Səfərov küçəsindəki şirniyyat dükanına girib, cibimizdəki pula və keyfiyyətinə uyğun bir tort aldıq. Dükana girməmişdən heç beş dəqiqə keçməmiş satıcı xanım çöldə DYP əməkdaşının mənim maşınımın yanında dayandığını işarə edərək üzüntüsünü bildirdi.

© Photo : Qorxmaz İbrahimliİnzibati xəta haqqında protokol
İnzibati xəta haqqında protokol - Sputnik Azərbaycan
İnzibati xəta haqqında protokol

Heç gecikmədən qızım Selcandan ödəmələri etməsini istəyərək, həmən çölə çıxdım. Maşınımın arxasında dayanmış yol patrul avtomobilində sükan arxasında zabit (ali təhsilli olduğu paqonundan bilinirdi, oturuş tərzi və saymazyana baxışları isə şübhə yaradırdı…) və arxa oturacaqda bir serjant oturmuş, üçüncüsü isə məndən sənədlərimi verməyimi tələb etdi.

Qayda pozuntusunun nədən ibarət olduğunu soruşduğumda, avtobusların hərəkət etdiyi zolağa girdiyimi söylədi. Birincisi, mən günahkar olduğumu anlayıram. Ancaq sanki trolleybus yolunda durmuşam (bizim yaşda olanlar trolleybusu xatırlayırlar) və trolleybusun "buynuz"unun elektrik xəttindən çıxmasına səbəb olmuşam… "Avtobus xətti" dediyi yer isə Yusif Səfərov küçəsinin çox qısa bir hissəsindədir. Heç uzunluğu 500 metr belə deyil. O məsafə bitdikdən sonra bildiyiniz avtobuslar digər adi maşınların hərəkət etdiyi zolaqlarla (heç bu zolağa girdikləri üçün avtobus sürücülərini cəzalandırmırlar) davam etməkdədirlər…

Eyni zamanda, orada Əmlak Məsələləri Dövlət Komitəsinin əsas binası yerləşir. Bu, o demək olur ki, zaman – zaman orada maşınlar park edirlər. Hətta axşamlar məlum yerdə çoxlu bahalı maşınların dayandığını da müşahidə etmək olar (şəxsən sonradan həmən ərazidə çəkdiyim fotolar yazıya əlavə olunur). Buna heç mənim də etirazım yoxdur. Çünki geniş küçənin bir tərəfində hərəkətə mane olmadıqca müvəqqəti dayanmaq olar, deyə düşünürəm.

Bildiyim qədərilə, eyni zolaqdan biri də Füzuli küçəsinin "Qış Bulvarı" deyilən hissəsindədir və eynən qısa məsafədə bitir. Bu gün şəhərimizin yol infrastrukturunun doğru qurulması üçün dövlətimiz hansı tədbirlərə əl atır, göz önündədir. Bəlkə bizlər bilməyə bilərik. Ancaq xaricə gedərkən buradan yenicə dönmüş turistlərin və ya illər əvvəli dəfələrlə ölkəmizə gəlib – getmiş insanların paytaxtımız haqda necə ağızdolusu danışdıqlarını dinləyib, çox qürurlanırıq.

© Photo : Qorxmaz İbrahimliGecə saatlarında həmin ərazidə park edilmiş avtomobillər
Gecə saatlarında həmin ərazidə park edilmiş avtomobillər - Sputnik Azərbaycan
Gecə saatlarında həmin ərazidə park edilmiş avtomobillər

Xüsusən, Yusif Səfərov küçəsindəki son genişləndirmə işləri həm yolu genişləndirərək, yaranan tıxacların qarşısını aldı, həm də yol genişlənərək ətrafa xüsusi gözəllik verdi. Ancaq "işbaz" məmurlar burada öz fəaliyyətsizlikləri ilə sadəcə vətəndaşları və vergi ödəyicisi olan ticarət obyektlərinin sahiblərini sıxıntıya soxmaqla məşğul olurlar. Məsələn, Nəcəfqulu Rəfiyev küçəsində piyada keçidi nişanı işıqlandırılmır və zolaq silinib getməkdədir. Piyadaların həyatı çox ciddi təhlükə qarşısındadır. Yol nişanlarını tənzimləyən idarənin isə bu hala baxışı işindən bəllidir.

Belə misal çəkəcəyimiz çoxlu yollar göstərə bilərik. Yol nişanlarını istədikləri kimi dəyişdirən bəzi məmurlar isə öz ağıllarındadırlar. Sanki qəsdən bəzi yerlərdə qadağanedici nişanlarla insanlarda narazılıq yaratmaq istəyirlər. Yol polisində "ilişib qalmış" bəzi zabit və serjantlar isə dövlətin hesabına oturduqları maşınlarda şütüyərək, belə yerlərdə qısa müddətə dayanmış sürücüləri cəzalandırmaqla məşğuldurlar. Necə deyərlər, dəyirman bildiyini eləyir, çax–çax baş ağrıdır.

Bu çax–çax məmurlar anlamırlar ki, hər xırda xətadan ötrü milləti incitmək olmaz. Belələrinin üzündən bəzən ölkə Prezidenti və ya daxili işlər naziri yol polisinin işinə müdaxilə etməli olur.

Əlqərəz, mən isə gözəlim sevimli Ana dilimizdə ifadə edə bildiyim xoş sözlərlə özümü təqdim etdim. Yenicə ağır əməliyyatdan döndüyümü və yenicə toyunu etdiyim qızımgilə ziyarətə getmək üçün tort almağa girdiyimi həvəslə söylədim. İctimai – siyasi kimliyimi, dövlətimizi nə qədər sevdiyimi yenicə demişdim ki, yaşca məndən xeyli gənc olan serjant "Bu, o demək deyil ki, siz qaydaları kobud şəkildə pozmalısınız… Bir də əslində ədəbinizdən danışmaq yerinə nümunə olmalısınız. Siz qaydaları pozandan sonra başqalarından nə gözləyək? Qayda pozuntunuzu MMK çəkib. Mənlik bir şey yoxdur. 40 manat cərimə olunacaqsınız. Vaxtında ödəsəniz, 36 manata düşəcəkdir" – deyib nöqtəsini qoydu.

Tərtib olunmuş elektron protokoldan da göründüyü kimi, mən inzibati xəta törətmişəm. Xəta isə düzəldilməsi mümkün olandır, deyə vətəndaşa ən azından görmədən daxil olduğu üçün heç olmazsa, güzəşt belə etmək olardı. Mənim bilmədən daxil olduğum zolağa saymazyana girdiyimi mənə isbatlamaq istəyən, ədəbimə və tərbiyəmə şübhə edən polis serjantı əcəba nədən fotoşəkillərdə görünən avtomobillərə yaxınlaşaraq, MMK cihazı vasitəsilə inzibati xəta protokolu tərtib etmir?

Mənim beş dəqiqə ərzində bir dükana xeyir verdiyim halda, məni cəzalandırmaqla, bu cür ticarət obyektlərini müflis etməkdə bu serjant və onun kimilərin məqsədi nədir, görəsən? Bu serjant və paqonundan ali təhsilli olduğu görünən komandiri bizləri və ticarət obyektlərini cəzalandırarkən heçmi vicdanları ağrımır? Bilmirlərmi ki, onların aldığı maaş vətəndaşların və ticarətçilərin verdiyi vergi hesabına əziz dövlətimizin büdcəsindən ödənir?

Bəlkə də Əli Nəsirov və paqonundan ali təhsilli olduğu görünən saymaz komandirinin bu maaşa ehtiyacları olmadığı üçün belə davranırlar… Kim bilir?

Mən ümid edirəm, cənab nazirimiz Ramil Usubov belə halların aradan qaldırılması və bu tip məmurların cəzalandırılaraq, işdən kənarlaşdırılması üçün qətiyyətini bir daha göstərəcək. O şirniyyat mağazasında çalışan həmin gənc qızın məlum serjantdan fərqli olaraq, müştərilərə satılacaq maldan gələn gəlirdən alacağı maaşa ciddi ehtiyacı var. Mən çörəyə bais olanların elə bu dünyada cəzalarını rəhbərlərindən alacaqlarına inanıram.

Xəbər lenti
0