BAKI, 20 iyun — Sputnik. Suriya rejiminə aid döyüş təyyarəsinin Rakka yaxınlarında ABŞ ordusu tərəfindən vurulmasına Rusiyadan kəskin reaksiya gəlib. Sputnik Azərbaycan Sözcü-yə istinadla xəbər verir ki, ABŞ tərəfi, Suriya rejiminə aid döyüş təyyarəsinin Azad Suriya Ordusunun mövqelərinə zərbə endirdiyini və bu səbəbdən onu zərərsizləşdirdiklərini bəyan edib.
Moskva isə ABŞ ilə Rusiya arasında 2015-ci ilin oktyabr ayında əldə olunan və iki ölkənin Suriyanın hava sahəsində uzlaşmasını nəzərdə tutan anlaşmanı təxirə salıb. Rusiya artıq Fərat çayının qərbində uçan, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus bütün təyyarələri və insansız hava vasitələrini hədəfə alacaqlarını diqqətə çatdırıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib ki, koalisiya qüvvələrinə məxsus təyyarələr və pilotsuz hava vasitələri də daxil olmaqla, Fərat çayının qərbində uçan hər bir cisim, Rusiyanın yerdəki və havadakı müdafiə qüvvələri tərəfindən hədəfə alınacaq. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford isə açıqlayıb ki, Suriyada hər iki cinahın mövqelərini müəyyənləşdirən xəttin bərpasına çalışacaqlar.