BAKI, 19 iyun — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük iclasdan sonra iyunun 14-də baza faiz dərəcəsini 0,25 faiz bəndi, 0,75-1 faizdən 1-1,25 faizə qədər artırıb. Sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, FED-in qərarı yeni formalaşmış Donald Tramp hökumətinin iqtisadi strategiyasına uyğun həyata keçirilir: "FED-in kifayət qədər müstəqil qurum olduğunu düşünməyimizə baxmayaraq, bu qərar ABŞ prezidentinin nəzərdə tutulan iqtisadi strategiyasına tamamilə uyğundur".
Onun sözlərinə görə, Trampın məqsədi Amerikada böyük investisiya layihələri həyata keçirmək, infrastrukturu yenidən qurmaq və bir sıra istehsal sahələrini yenidən canlandırmaqdır: "Bu da kifayət qədər Amerika iqtisadiyyatına xaricdən investisiyaların cəlbini nəzərdə tutur. Ona görə də FED-in faiz dərəcələrini qaldırması bir növ ABŞ iqtisadiyyatını investisiya axınları baxımından daha da cəlbedici edir və bu, inkişaf etməkdə olan, xüsusilə də aşağı və orta gəlirli inkişaf etməkdə olan ölkələrə mənfi təsirini göstərəcək. Çünki, artıq bu ölkələrin iqtisadiyyatına daxil olacaq potensial investisiyalar Amerika bazarında daha yaxşı qiymətləndirmə imkanı əldə edəcək".
"Bu prosesin əksər inkişaf etməkdə olan ölkələrə, sənaye ölkələrinə, Rusiyaya, Türkiyəyə, Braziliyaya müəyyən mənada mənfi təsirləri olacaq. Bu baxımdan Azərbaycanı da istisna etmirəm. Çünki, ucuz pul siyasəti daha ekspansiv bir monetar siyasətdir və dünyada bol dollar ilə xarakterizə olunurdu. Eyni zamanda, Amerikaya investisiya qoyanlar daha çox inkişaf etməkdə olan ölkələrə yönəlirdilər. Çünki, burada faiz dərəcələri daha yüksək idi. İndi isə FED-in bu qərarı ona gətirib çıxardacaq ki, həmin axınlar ABŞ iqtisadiyyatına doğru hərəkət edəcək. Bu da inkişaf etməkdə olan dünya üçün xüsusilə də investisiya imkanları baxımından müəyyən problemlər yaradacaq" — iqtisadçı bildirib.
FED-in balansın azaldılmasına dair qərarını da şərh edən Bağırzadənin dediyinə görə, FED öz balansında olan qiymətli kağızları satırsa, bu, eyni zamanda, müəyyən mənada dövriyyədəki pul kütləsinə təsir göstərir: "Düşünürəm ki, FED-in əlindən çıxarmaq istədiyi yüksək reytinqli qiymətli kağızlar deyil, bunlar kifayət qədər müəyyən problemləri olan və yaxud da reytinqi aşağı olan qiymətli kağızlardır. O baxımdan bunu monetar siyasətə tərs siyasət kimi düşünmək lazım deyil. Bunun dövriyyədəki pul kütləsinin azaldılması prosesinə müəyyən qədər dəstəyi olacaq".
İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında, FED-in qərarının dünyada dolları gücləndirəcəyini deyib: "Azərbaycanda da manata müəyyən qədər təzyiqlər arta bilər".
"FED növbəti dəfə uçot dərəcəsini artıracaqmı" sualına ekspert belə cavab verib: "ABŞ-ın iqtisadiyyatı çox yaxşı izləmək imkanları və bacarığı var. Müxtəlif indeksləri daim nəzərdə saxlayırlar, təhlil edirlər və ona əsasən qərar qəbul edirlər. İndidən FED-in növbəti dəfə uçot dərəcəsini artıracağını söyləmək çətindir".