BAKI, 19 iyun — Sputnik. Ekoloji Informasiya İctimai Birliyi 18 iyun 2017-ci il tarixdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi "Ceyranlar tarixi vətənlərinə dönürlər" ekoloji təbliğat layihəsinin növbəti tədbirini Ağcabədidəki "Ağgöl" Milli Parkına məktəbli gənclərin maarifləndirici-ekskursiya səfəri ilə davam etdirib.
Ekskursiya tədbirinə Ağcabədi və Bərdə rayonlarından tərəfdaş və müvafiq əlaqədar təşkilatların nümayəndələrilə yanaşı 100 nəfərədək təbiətsevər gənc məktəblilər qatılıblar. Ekskursiyanın həyata keçirilməsində Ağcabədi rayon İcra Hakimiyyəti ilə yanaşı, Ağcabədi rayon YAP Qadınlar Şurasından Radə Qafarova da tədbirin təşkilində yaxından iştirak ediblər.
Layihə rəhbəri, Ekoloji Informasiya İB-nin sədri Musa Muradlı layihənin məqsəd və məramı, ölkəmizin flora və faunasının qorunmasına layihə fəaliyyətlərinin verəcəyi töhfə barədə iştirakçılara geniş məlumat verib. Layihənin icrasında əməkdaşlıq edilən və görüşə dəvət olunan bütün iştirakçıları salamlayaraq, bildirib ki, layihədə nəzərdə tutulan fəaliyyətlərin uğurla həyata keçirilməsi üçün təşkilatımızın bütün resursları səfərbər olunub. Daha sonra, layihənin icrasına cəlb edilmiş mütəxəssis, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi, ekoloq-alim Xosrov Musayev iştirakçı gənclərə müasir ekoloji mühit, ceyranların ölkəmizdə yaşam arealı, nəsli kəsilməkdə olan heyvanat aləminin qorunmasına dövlətimizin göstərdiyi qayğı barədə dəyərli, elmi tövsiyələrini verib. Tədbirdə iştirakçılara maarifləndirmə materialları olan bukletlər, broşürlər və tədbirin mövzusu üzrə xüsusi sifarişlə hazırlanmış papaq və köynəklər paylanıb.
"Ağgöl" Milli Parkının mənzərəsi tədbirə qatılan hər kəsi valeh etdi. Bərdə şəhər məktəblisinin skripkada ifa etdiyi gözəl, həzin musiqi və Ağcabədi rayon Hacıbədəlli musiqi məktəbinin yaradıcı gənclərin rəngarəng ifaları ilə müşayiət olunan tədbir viktorina qaliblərinə xüsusi təşəkkürnamələrin təqdimatı ilə başa çatıb.