BAKI, 19 iyun — Sputnik. Portuqaliyanın mərkəzindəki Pedrogao regionunda başlayan meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ölkə tarixinin ən böyük meşə yanğınlarının ağır nəticələri ilə bağlı Portuqaliyada 3 günlük matəm elan olunub.
Bəzi yaşayış məntəqələri alovlanmış meşələrin əhatəsində qalıb. Həlak olan vətəndaşların əksəriyyəti avtomobillərdə yanğının əhatəsində qalaraq oradan çıxa bilməyiblər.
Hazırda yüzlərlə yanğınsöndürən alovla mübarizə aparır. İspaniya yanğınsöndürənləri qonşu ölkəyə yardıma gəlirlər.
Yanğınların başvermə səbəbi kimi güclü ildırımın çaxması nəticəsində ağacların alışması, güclü küləyin və 40 dərəcə istinin olması göstərilir.