BAKI, 19 iyun — Sputnik. Türkiyənin Budur gölündə güclü yosun yayılması (alg yayılması) nəticəsində, gölün suyu saralıb və su suspenziya şəklini düşüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, professor İsgəndər Güllə ərazidə araşdırma aparıb.
Mütəxəssis araşdırmadan sonra bildirib ki, suyun tərkibindəki bəzi mikroskopik maddələrin çox geniş şəkildə yayılaraq, suyu öz rənginə boyamasına və suyun tərkibini dəyişməsinə "yosun yayılması" (alg yayılması) deyilir. Professorun sözlərinə görə, hazırda göldə vəziyyət ürəkaçan deyil.
İ. Güllə bildirib ki, yosun yayılması dünyada çox yayılıb və müxtəlif iqtisadi, sağlamlıq problemlərinə yol açır: "2000, 2006, 2010 və 2011-ci illərdə göldə yosun yayılması müşahidə edilib. Ancaq bu il bu yayılma özünü daha güclü şəkildə göstərib. Belə ki, göl suyunun duzluluq səviyyəsi 50 faiz artıb və 1000/21,5 səviyyəyə çatıb".
"Bununla yanaşı, 50 ildir ki, Burdur şəhərinin bütün kanalizasiya və sənaye tullantıları bu gölə axıdılır. Gölün fosforla zənginləşməsinə səbəb olan bu hal yosun inkişafını olduqca artırır" — ekspert vurğulayıb.
Professor əlavə edib ki, bu proses 10 gün müddətində davam edəcək: "Daha sonra bu orqanizmlər çürüməyə başlayacaq. Bunun da nəticəsində oksigen azalacaq, ətrafda güclü üfunət qoxusu yayılacaq. Göl çirkli və bulanıq bir hal alacaq. Gölün bu hala düşməsi birbaşa insan ölümünə səbəb olmasa da, çöl quşlarının və balıqların kütləvi şəkildə ölümünə səbəb olacaq".