BAKI, 18 iyun — Sputnik. Əfqanıstanda yaşayan, əfsanəvi aktyor və Şərq döyüş sənəti ustası Bryus Liyə bir almanın yarısı kimi bənzəyən, həmçinin onun klassik üsullarını nümayiş etdirən Abbas Əlizadə adlı cavan oğlanın kadrları bütün dünyanı heyrətə gətirib. Onun şöhrəti Azərbaycana da gəlib çatıb. Bizim rejissorlar onu Bakıya dəvət edərək "Brat Li" bədii filminə çəkiblər.
Bu filmdə o, öz kumirinin obrazını yaradıb və yüksəlişi də elə Azərbaycandan başlayıb. Bununla əlaqədar olaraq o, bizim ölkədə azərbaycanlı Bryus Li adlandırılıb.
Hazırda o, öz aktyorluq fəaliyyətini xaricdə davam etdirir, yeni filmlərə çəkilir. Bununla belə, tez-tez özünün sevimli ölkəsi olan Azərbaycana gəlir. Bryus Linin oxşarı bizim ölkəyə olan sevgisi və yeni layihələri barədə Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
— Abbas, siz niyə Bryus Li kimi olmaq qərarına gəlmisiniz?
— Mən həmişə öz ölkəmdə kunq-fu üzrə çempion olmağı arzulamışam. Çünki zahirən Bryus Liyə çox oxşayıram və hamı da mənə deyirdi ki, onun kimi olmalıyam. Hər dəfə güzgüyə baxanda mən əmin oluram ki, biz bir almanın iki yarısı qədər bir-birimizə oxşayırıq. O, həmişə mənim xoşuma gəlib və kumirim olub. Ona görə də qərara gəlmişəm ki, Allah məni onun yolunu davam etdirmək üçün seçib. Mən onun kimi olmaq istəyirəm və bunun üçün hər şeyi edirəm.
Onun filmlərinə baxaraq öz başıma döyüş sənətinin çətin texnikasını mənimsəməyə çalışıram. Bunu məşqçim də hiss edib və məni öz himayəsi altına alıb. Hazırda məşqləri davam etdirirəm, çünki böyük Bryus Li hələ məndən çox uzaqdadır. Çox istəyirəm ki, dünya çempionu və Hollivud ulduzu olum. Bunun üçün mümkün olan hər şeyi edirəm.
— Və ilk dəfə özünüzü aktyor kimi Azərbaycan filmində sınamısınız…
— Bəli, məni Azərbaycana dəvət etdilər və məmnuniyyətlə bu dəvəti qəbul etdim. İlk dəfə idi ki, ölkənizə gəlirdim və onun gözəlliyi məni heyran etdi. Ona görə də seçimimə görə zərrə qədər təəssüflənmədim. Film məni ən çox ona görə cəlb etdi ki, orada öz kumirimin obrazını canlandırmışam. Filmin çəkilişləri ölkənin regionlarında aparıldı. Mənə sizin kino mütəxəssisləri ilə işləmək çox xoş oldu. Onların hamısı istedadlı insanlar idi. "Brat Li" filminin təqdimatı may ayında baş tutdu. Mən də orada iştirak edirdim və işimizin nəticələrindən razı qaldım. Ümid edirəm ki, bizim əməkdaşlığımız davam edəcək.
— Özünüzü populyar insan hesab edirsinizmi?
— Mən artıq Azərbaycana gələnə qədər populyar idim. Bir neçə dəfə dünya KİV-lərinə müsahibələr vermişdim. Populyarlığım hələ mənim arzu etdiyim pik səviyyəyə çatmayıb, amma buna çalışıram.
— Siz təkcə aktyor karyerası barədə deyil, həm də dünya çempionu olmaq barədə düşünürsünüz. Bunun üçün nə edirsiniz?
— Bəli, bu, arzularımdan biridir. Bilmirəm bunu həyata keçirə biləcəm, ya yox, amma bunun üçün mümkün olan hər şeyi edirəm. Hər gün öz məşqçimlə birlikdə məşq edirəm. İnanıram ki, gələcəkdə böyük uğura imza atacağam.
— Hazırda hansı layihələr üzərində işləyirsiniz?
— Azərbaycan filmində çəkilməyim mənə böyük uğur gətirib və ən əsası aktyorluq məharətimin olduğunu sübut edib. Bundan sonra mənə Bollivud filmində eynilə Bryus Li roluna çəkilmək təklifi gəlib. Hələlik onun təqdimatının nə vaxt olacağını bilmirəm, çünki çəkilişlər bu günlərdə başa çatıb.
Bütün bunlarla yanaşı, Çin filmində də çəkilməyi planlaşdırıram və artıq bu barədə onların kinostudiyaları ilə danışıqlar aparılır. Ola bilsin, bu film Çin-Hollivud birgə layihəsi olsun. Bu isə mənim Hollivuda yolumu açır. Hazırda mənim çoxlu fanatlarım var və onların sayı gün-gündən artır. Onların əksəriyyəti də zamanında əfsanəvi Bryus Lini çox sevən insanlardır. Bütün ölkələrdən olan pərəstişkarlarıma dəstəyə görə təşəkkür edirəm. Onlar mənə irəli getmək üçün güc verirlər. Söz verirəm ki, onları özümün yeni rollarımla sevindirəcəm. Azərbaycanı isə ürəkdən salamlayıram.